COP29-un yaratdığı "karbon bazarı" dövlətlər üçün böyük gəlir mənbəyinə çevrilə bilər...
Fikrət Cəfərov: "Bakıda iqlim konvensiyasının 6-cı maddəsinin icra mexanizminin yaradılması və prosedurlarının təsdiqi COP tarixində ən böyük uğurdur”
Bakıda keçirilən COP29 sessiyasının əsas uğurlarından biri iqlim dəyişmələrinə qarşı mübarizə və zərərin ödənilməsi fondlarının maliyyə mənbələrinin genişləndirilməsi oldusa, ikinci böyük uğur Paris razılaşmasının əsas bəndi olan 6-cı maddənin işlək mexanizminin formalaşdırılmasi və bununla bağli dövlətlərə öhdəlik yükunun verilməsidir.
Paris razılaşmasının 6-cı maddəsi, ümumiyyətlə, ölkələr arasında mitiqasiya (karbon emissiyyasını salınan meşələr vasitəsilə zərərsizləşdirmək) tədbirlərinin nəticələrinə dair əməkdaşlıq edilməsini nəzərdə tutur. Dövlətlər karbon qazlarının emissiyasının azaldılması və bu qazların meşələr vasitəsilə emal edilməsi üzrə həyata keçirdikləri tədbirlər barədə bir-birinə hesabat verməli, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində (NDC) bunu göstərməlidirlər.
Paris Sazişinin 6.4-cü maddəsi iqlim fəaliyyətinə dair hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının yaradılması, karbon kreditlərinin verilməsini nəzərdə tutur. Artıq dövlətlər ikitərəfli deyil, UNFCCC-nin cəlb olunması və nəzarəti ilə əməkdaşlığı həyata keçirəcək, bir-birinə karbon kreditləri sata biləcəklər.
Bu maddəyə əsasən, hər bir dövlətə karbon istehsalı limiti veriləcək. Hər bir dövlət atmosferə öz limitindən artiq karbon ata bilməz. Lakin karbon istehsalı çox olan dövlətlər az karbon istehsal edən ölkələrdən onların istifadə etmədiyi karbon limitini ala biləcək. Belədə isə karbon limitindən az karbon istehsal edən dövlətlər əsasən kasıb, inkişaf etməkdə olan ölkələrdir. Bu yolla varli ölkələr karbon limitinə görə kasıb ölkələrə pul ödəməli, onlardan karbon limiti almalı olacaqlar. Beləcə, dünyada karbon bazarının yaradılmasına yönəlik ilk əməli addım atıldı. Lakin bu bazarın reallıqda necə işləyəcəyini, dövlətlərin bu bazarda özünü səmimi apara biləcəyini və bu bazara nəzarət mexanizminin nə qədər effektiv olacağını biz qarşıdakı bir il ərzində müsahidə edəcəyik.
Sizcə, Paris COP-unun 6-cı maddəsinin Bakı COP-nda qəbul edilən razılaşdırılmış icra mexanizmi özünü doğrulda biləcəkmi - sualı ilə ekoloq Fikrət Cəfərova müraciət etdik.
Ekspert bildirdi ki, iqlim konvensiyası cox vacib bir beynəlxalq sənəddir: "Lakin otuz ilə yaxındir ki, konkret icra və nəzarət mexanizmlərinin qurulmasına nail olunmayıb. Bakıda iqlim konvensiyadının 6-cı maddəsinin icra mexanizminin qurulması və prosedurlarının təsdiqlənməsi COP tarixində ən böyük uğurdur. Həmin maddə ölkələr arasında "yaşıl texnologiya"ların paylanması, karbon kreditlərinin alınması, ölkələr arasında qarşılıqlı hesabatların verilməsi və s. kimi mexanizmləri nəzərdə tutur. Bu mexanizmlər karbon emissiyasının azaldılmasına stimul yaradacaq. Biri var ki, kimin nə qədər karbon istehsal etməsinə dair heç bir nəzarət olmasın, biri də var ki, bu ciddi nəzarətə götürülur və hərəyə bəlli limit, öhdəlik yüklənir. Bu mexanizmlər qarşıdakı bir il ərzində, yəni Azərbaycanın prezidentliyi dövründə yaradılacaq və işə salınacaq.
Fikrimizcə, gələn il COP30-da bu mexanizmlər daha ciddi hüquqi-normativ sənədlərlə təsdiqlənəcək və Bakı COP-u həm də 6-ci maddənin həyata vəsiqə almasi ilə tarixə düşəcək".
Akif NƏSİRLİ