G20-nin Ukrayna ilə bağlı yekun sənədi heç nəyi dəyişməyə qadir deyil...
Əli Orucov: "Rio-de-Janeyroda keçirilən sammit "ədalətli dünya" adı altında keçirildi və heç bir ədalətli qərar qəbul edilmədi"
Braziliyanın paytaxtında Xi Jinping G20 liderlərini Ukraynadakı münaqişəni “soyutmağa” kömək etməyə çağırıb. O deyib ki, G20 daha böyük rol oynamaq üçün BMT və onun Təhlükəsizlik Şurasına dəstək verməli və böhranların sülh yolu ilə həllinə töhfə verən bütün səyləri dəstəkləməlidir.
G20 sammiti ərəfəsində Folha de S. Paulo üçün dərc olunan məqaləsində Xi həmçinin xatırladıb ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üçün Çin-Braziliya təşəbbüsü “beynəlxalq ictimaiyyətdən müsbət cavab alıb”.
G20-nin Ukraynaya dair sənədi məqbul sayıla bilərmi? Sənəddə heç bir konkretlik yoxdur. Rusiyanı adi ilə çağıraraq təcavüzkar adlandıra bilməyən bir qurumun dünya üçün nə əhəmiyyəti var?
Sualımıza cavabında politoloq Əli Orucov bildirdi ki, G20-lərin bundan əvvəlki sammitində də Rusiya-Ukrayna müharibəsi barədə ümumi razılığa gəlmək mümkün olmamışdı: "Rusiyanın təcavüzkar adlandırılması ilə bağlı ciddi fikir ayrılığı yaranmışdı. Braziliyada 18-19 noyabrda keçirilən sammitdə də fikir ayrılıqları ciddi bir sənədin qəbul edilməsinə imkan vermədi. Xüsusən də Çin və Braziliya Rusiya ilə bağlı fərqli mövqe nümayiş etdirdilər. Bu isə Moskvanın təcavüzkar siyasətini davam etdirməsinə yaşıl işıq yandırır. G20 dünyanın ən inkişaf etmiş 20 ölkəsini özündə birləşdirən nüfuzlu təşkilat olmasına baxmayaraq, Rusiya-Ukrayna müharibəsində yekdil fikrə gəlib, effektiv tədbirlərin həyata keçirilməsində tərəddüddən çıxa bilmir. Çinin və Braziliyanın Rusiya ilə artan əlaqələri, habelə Türkiyənin ehtiyatlı mövqeyi G20-lərin də müharibə ilə bağlı imkanlarını məhdudlaşdırır.
Yəni söhbət Rusiyanın təcavüzünü dayandırmaqdan gedir. Məlum olduğu kimi, Çin, Hindistan, Braziliya bir sıra platformalarda geniş əlaqələr qurublar, strateji əməkdaşlıq edirlər. BRİCS-in Kazanda keçirilən zirvə toplantısında iddialı bəyanatlar səsləndirildi. Təhlilçilər BRİCS-i ABŞ-nin patronajlıq etdiyi qurumlara qarşı ciddi alternativ və rəqib kimi də təqdim etməkdədir. Belə olan halda G20 sammitinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına böyük töhfə verəcəyini gözləmək sadəlövhlük olardı. Baxmayaraq ki, Reo-de-Janeyroda sammit “ədalətli dünya" adı altında keçirildi və heç bir ədalətli qərar qəbul edilmədi. Təəssüf ki, bu gün qlobal siyasətdə və beynəlxalq münasibətlərdə hüquqi nizamlanma və diplomatik təşəbbüslərin deyil, güc və şantaj ritorikasının daha geniş istifadə olunduğunu görürük. Bu, planetimizi məhvə aparan yoldur".
Dəniz NƏSİRLİ