"Bütün tərəflərin COP29-da əhəmiyyətli nəticələrə nail olmaq üçün konstruktiv işləməsi vacibdir" - Annalena Berbok
COP29-da əhəmiyyətli nəticələr əldə etmək üçün bütün tərəflərin konstruktiv işləməsi vacibdir. Trend xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Hazırda danışıqlar masasında mətnlər mövcuddur, lakin təəssüf ki, iqlim dəyişikliyi ilə mübarizə, uyğunlaşma və emissiyaların azaldılması üçün maliyyələşdirmə kimi mərkəzi məsələlər üzrə onlar hələ də bu sahədə əhəmiyyətli nəticələrə nail olmaq üçün zəruri səviyyəyə çatmayıb.
Bu, o deməkdir ki, bu cür danışıqlarda tez-tez olduğu kimi, bizi çox çətin günlər gözləyir. Bəzi hallarda hər bir addım üçün əsl mübarizə aparılacaq. İndi bütün tərəflərin konstruktiv işləməsi çox vacibdir", – deyə o bildirib.
Nazirin sözlərinə görə, Almaniya və Avropa komandası qarşıdakı günlərdə ən kiçik irəliləyişlər üçün belə mübarizə apararaq irəliləyişə nail olmağa çalışacaq.
"Biz Dubayda əldə edilmiş razılaşmalardan geri çəkilməyə və ya onların məzmununun zəiflədilməsinə imkan verməyəcəyik", – deyə A.Berbok vurğulayıb.
O əlavə edib ki, hazırda bərpa olunan enerji sahəsinə illik investisiyalar 2 trilyon ABŞ dolları təşkil edir ki, bu da qalıq yanacaqlara qoyulan sərmayələrin ikiqatıdır.