"COP29 çərçivəsində iqlim koalisiyalarının yaradılması üzrə işlər görülür" – Almaniya XİN
COP29 çərçivəsində iqlim koalisiyalarının yaradılması üzrə işlər görülür. Trend xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsində paylaşım edib.
"İqlim böhranı dövrümüzün təhlükəsizliyi üçün ən böyük təhdididir. O, sərhəd tanımır və seçki müddətlərinə məhəl qoymur. Hər bir onluq dərəcə vacibdir. Qlobal istiləşməni 1,5 dərəcə həddində saxlamaq üçün əlimizdən gələni etməli olduğumuzu bilirik", – deyə nazir yazıb.
O, COP29 çərçivəsində dünya ictimaiyyətinin sıx əməkdaşlığını təmin etməyin əhəmiyyətini vurğulayıb.
"Biz Bakıda müxtəlif qitələrdən ölkələri birləşdirən iqlim koalisiyalarının yaradılması üzərində işləyirik. Yalnız birlikdə biz irəliləyişə nail ola bilərik", – deyə Annalena Berbok əlavə edib.
Nazir həmçinin Almaniya və Avropanın qlobal miqyasda iqlim dayanıqlığına keçidin maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalacağını təsdiqləyib.
"Bununla yanaşı, yeni iri emissiya mənbələri də məsuliyyət götürməlidir: həm istixana qazı emissiyalarının azaldılmasında, həm də iqlim maliyyələşdirilməsində", – deyə o qeyd edib.