COP29-da İkiillik Şəffaflıq Hesabatlarına həsr olunmuş müzakirələr keçirildi
Bakıda COP29 çərçivəsində “Azərbaycanın Milli MRV (Ölçmə, Hesabatvermə və Yoxlama) Sistemi: İXQ verilənləri əsasında iqlim fəaliyyəti üçün əsas məlumatlar, Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinə (ETF) keçid və korporativ bilik mübadiləsi” mövzusunda müzakirələr keçirilib.
Tədbirdə çıxış edən COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib ki, COP29 Sədrliyinin konsepsiyası bir-birini dəstəkləyən ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi olan iki əsas istiqamətə əsaslanır. O qeyd edib ki, İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması sədrliyin prioritet istiqamətlərindən biridir. Nazir müavini əlavə edib ki, dekabr ayı BTR-lərin təqdim edilməsi üçün son tarixdir. Elnur Soltanov Azərbaycanın bu hesabatların təqdimatı ilə bağlı çox işlər gördüyünü və Bakı Şəffaflıq Platforumunu yaratdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın BTR-i artıq hazırdır və son dəyişikliklər edilir.
Sonra çıxış edən Türkiyənın ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank şəffaflıq hesabatı ilə bağlı Azərbaycan Sədrliyinin apardığı liderlik fəaliyyətinə görə təşəkkür edib. Onun sözlərinə görə, BTR Paris Sazişinin təməl hədəflərindən biridir və bütün addımlar şəffaf şəkildə hesabata salına bilirsə, ölçülə bilinəndir. O, Türkiyənin bu istiqamətdə fəaliyyətləri barədə də məlumat verib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Şəffaflıq bölməsinin direktoru Donald Kuper Azərbaycanın inkişaf etməkdə olan ölkələrin öz milli fəaliyyətlərini hesabatlandırmasını asanlaşdıran sistemi dünyaya necə təqdim edəcəyini səbirsizliklə gözlədiyini bildirib.
ZÜMRÜD