"Azərbaycan öz üzərinə könüllü öhdəliklər götürməklə..." - Sahibə Qafarovadan açıqlama
Milli Məclisin sədri Sahibə Qafarova COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı bəyan edib ki, "COP29-un Azərbaycanda keçirilməsi dövrün ən aktual problemi olan iqlim dəyişikliyinin həllində qəti niyyətimizin və fədakarlığımızın əlamətidir."
Onun sözlərinə görə, dünyanın bütün ölkələri, həmçinin Azərbaycan da iqlim dəyişikliyindən təsirlənir: "Son onilliklərdə Azərbaycan həddindən artıq isti, su qıtlığı, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və daşqınlarla üzləşib".
Spiker bildirib ki, Azərbaycan öz üzərinə könüllü öhdəliklər götürməklə, "yaşıl gündəliyi" milli inkişaf proqramlarına daxil etməklə, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirməklə, "yaşıl enerji" zonaları yaratmaqla öz gələcək yolunda inam və qətiyyət nümayiş etdirdi: "Eyni zamanda COP29-a sədrlik dünya ictimaiyyətinin Azərbaycanın körpü rolunda çıxış etmək, ölkələri ortaq iş ətrafında birləşdirmək bacarığına və təcrübəsinə inamının nəticəsidir. Hazırlıqlar üçün digər ölkələrlə müqayisədə daha az vaxt olmasına baxmayaraq, bütün maraqlı tərəfləri cəlb etmək, onların problemlərini dinləmək və gözləntilərini anlamaq üçün çox böyük işlər görüb" - S.Qafarova bildirib.
Mətləb Salahov