“Azərbaycan hücum edəcək" - konqresmenlər Ermənistanın xatirinə hərəkətə keçdilər...
Daşdəmir Əliyev: “Yaxşı olardı ki, ABŞ konqresmenləri Ermənistanı təxribata deyil, sülh sazişini imzalamağa sürükləsinlər”
ABŞ Konqresinin Yuxarı və Aşağı Palatalarının 60 üzvü Konqres liderlərini Ermənistana təhlükəsizlik yardımı göstərməyə çağırıb. Həmçinin sentyabr ayında Qarabağdan köçkün düşmüş 120 min (?) erməninin ehtiyaclarını ödəmək üçün göstərilən humanitar yardımın bir hissəsinin Ermənistanın istifadəsinə verilməsi tələb edilir.
Konqresin hər iki palatasının üzvləri Ermənistana müdafiə üçün 10 milyon dollar ayırmağa çağırırlar:
“İlham Əliyev hərbi gücdən istifadə edərək regionu dəyişdirdiyinə görə, onun yenidən bunu etməyə cəsarəti çatacağından qorxuruq. Biz xüsusilə narahatıq ki, Azərbaycan Ermənistanın suveren ərazisini işğal etməklə öz təcavüzünü davam etdirəcək”.
Konqresmenlər onu da qeyd ediblər ki, Ermənistan təhlükəsizliyinin ənənəvi qarantı olan Rusiyadan uzaqlaşaraq Qərb demokratiyaları ilə daha sıx əlaqələrə can atdığı üçün xüsusilə həssas vəziyyətə düşüb.
Konqresmenlərin fikrincə, Amerikanın Qafqazdakı rəhbərliyi Azərbaycanın gələcək təcavüzünün qarşısını almaq və ermənilərə öz demokratiyalarını müdafiə etmək imkanı vermək üçün lazımdır.
Konqresmenlərin yaratdığı bu süni ajiotaj nə ilə bağlıdır və əsas məqsədləri nədir?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ hər zaman Ermənistana və vaxtilə fəaliyyət göstərmiş qondarma rejimə müxtəlif adlar altında yardımlar edib: “Bizə isə yardımı qadağan edən 907-ci düzəlişi tətbiq ediblər. Bu çağırış ABŞ-ın qanunverici orqanı tərəfindən edilib. ABŞ-ın qanunverici qurumlarının mövqeyi heç də hakimiyyətin siyasəti ilə üst-üstə düşmür. Qanunverici orqanda erməni lobbisinin təsiri güclüdür. Onlar hər zaman erməni siyasətini dəstəkləyir.
Birincisi, Azərbaycanın Ermənistana təcavüz etmək fikri yoxdur. Biz suverenliyimizi tam təmin edəndən sonra yalnız sülh sazişi bağlamaq haqqında düşünürük. Siyasətimizi də bu yöndə aparırıq. Hətta bizim belə fikirimiz olsa belə, 10 milyon dollar yardımla Ermənistana kömək etmək mümkün deyil. Hərbi cəhətdən Ermənistan ordusu darmadağın edilib. Həmin ordunu dirçəltmək üçün azı 10 il lazımdır. 10 milyon dollar bir hərbi texnikanın qiyməti belə etmir. Konqresmenlər bunu yaxşı bilir. Sadəcə, Azərbaycanın imicini zədələmək üçün belə addımlar atırlar. Eyni zamanda, Ermənistanı belə şirnikləndirirlər ki, Rusiyaya qarşı çıxsın. ABŞ Ermənistanın əli ilə bölgəyə yerləşmək istəyir. Rusiya hərbi bazasını Ermənistandan çıxarmaqla həmin ölkəni öz nəzarətinə keçirməyə çalışır ki, Cənubi Qafqaza nəzarəti bərpa edə bilsin. Digər maraqlı detal budur ki, bu çağırışa ABŞ Konqresinin yuxarı və aşağı palatalarının cəmi 60 üzvü qoşulub. Bu o anlama gəlir ki, çağırış çoxluğun deyil, azlığın mövqeyini ifadə edir. Yalnız səs salmaqdan başqa heç bir hüquqi çəkiyə malik olmayacaq.
Əsası olmayan təklifdir. Qarabağdan köçən ermənilərin yerləşməsinə belə kiçik yardımlar göstərilə bilər. Yaxşı olardı ki, ABŞ konqresmenləri Ermənistanı təxribata deyil, sülh sazişini imzalamağa sürükləsinlər”.
Məhəmmədəli QƏRİBLİ