"Naxçıvan Bank"ın ləğvinə doğru həlledici addım atıldı…
Əkrəm Həsənov: “Bankın tədricən bağlanma ehtimalı da var”
Azərbaycanın yeganə regional bankı “Naxçıvan Bank” ASC-nin kredit portfeli “Kapital Bank” ASC-yə ötürülüb.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd edilir ki, bu, bankın biznes strategiyasına daxil olan məsələlərdəndir. “Naxçıvan Bank”ın maliyyə dayanıqlığı göstəriciləri AMB-nin müəyyən etdiyi requlyativ tələblər çərçivəsindədir, Bankın lisenziyasının geri çağırılması gündəmdə deyil”.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.
Onu da bildirək ki, “Naxçıvan Bank”ın bundan əvvəl səhmləri Naxçıvan MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Belə ki, onun oğlu Rza Talıbov kredit təşkilatında 63,66%, digər oğlu Seymur Talıbov 20,48%, qızı Baharxanım Talıbova 9,82%, xanımı Sevil Sultanova isə 6,04% paya sahib olub. Talıbovlar ailəsi rəsmi olaraq 2023-cü ilin fevralın 1-dən bankın sahibliyini tərk ediblər və 14 milyon 59 min manat dividendlərini götürə biliblər.
Maraqlıdır, “Naxçıvan Bank”ın kredit portfelinin “Kapital Bank” ASC-yə ötürülməsi adıçəkilən bankın lisenziyasının ləğvinə səbəb ola bilərmi?
“Yaranmış vəziyyət onu göstərir ki, hazırda “Naxçıvan Bank”da vəziyyəti ürəkaçan deyil, pula ehtiyac yaranıb, amma başqa mənbələri yoxdur”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kredit portfelinin başqa bir banka ötürülməsi “Naxçıvan Bank”ın lisenziyasının dərhal ləğv ediləcəyi demək deyil: “Naxçıvan Bank” öz müştərilərinə kreditlər verib və bu kreditlər müəyyən müddətdən sonra geri qaytarılmalıdır. Amma “Naxçıvan Bank”ın bu gün pula ehtiyacı var. Bank məhz buna görə verdiyi kreditləri başqasına satır. Məsələn, “Naxçıvan Bank” sizə 5 il müddətinə 1 milyon manat kredit verib. Pula ehtiyac yarandığından “Kapital Banka” mürəciət edir ki, “mənim kreditimi al”. Bu zaman təbii ki, “Kapital Bank” bu krediti daha güzəştli şərtlərlə əldə edir. Yəni Sizə verilən 1 milyon manatlıq kredit 950 min manat qarşılığında satılır “Kapital Bank”a. Daha sonra artıq bu krediti “Kapital Bank” sizdən tələb etməyə başlayır. Yaranmış vəziyyət onu göstərir ki, hazırda “Naxçıvan Bank”da vəziyyəti ürəkaçan deyil. Pula ehtiyac yaranıb, amma başqa mənbələri yoxdur. Hansı bank yaxşı günündə öz müştərilərini başqa bir banka ötürər? Ola bilsin ki, bank fəaliyyətini davam etdirəcək, lakin müştəri bazası azalacaq. Lakin eyni zamanda bankın tədricən bağlanma ehtimalı da var”.
Ə.Həsənov hesab edir ki, bütün bunlar Azərbaycanın bank bazarında inhisarlaşma meyllərinin gücləndiyini göstərir.
Günel CƏLİLOVA