Ermənistan Azərbaycanın daha bir tələbini yerinə yetirdi - sərhəd xəritələrilə bağlı mühüm yenilik...
Ermənistan parlamenti Azərbaycanla sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının reqlamentini ratifikasiya edib. Erməni mediası yazır ki, səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib. Bitərəf və əleyhinə səs verən olmayıb. Müxalifətin “Hayastan” və “Şərəfim var” fraksiyaları müzakirə və səsvermədə iştirak etməyib. 67 deputat sənədin lehinə səs verib.
Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməni 2024-cü il avqustun 30-da imzalayıblar. Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun da davam etdirilə bilər. Əsasnamədə delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, ekspert qruplarının işi nəzərdə tutulub. Onun əsasında qəbul ediləcək əsasnamə və sənədlərin delimitasiya işlərinin tam gedişini təmin etmək üçün hüquqi bazanı tamamlayacağı iddia edilir. Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib. Azərbaycan və Ermənistan arasında sərhədlərin 13 kilometrlik hissəsi artıq demarkasiya edilib. Belə bir vaxtda daha bir mühüm məqam sərhədin delimitasiya və demarkasiya məsələsində Ermənistanın mövqeyində dəyişikliklərdir. Ermənistan hökumətinin məsələyə baxışındakı dəyişikliyi açıqlayan baş nazirin müavini Mher Qriqoryan qeyd edir ki, 1970-ci illərə aid sovet hərbi xəritələri Azərbaycanla sərhədin çəkilməsində tək texniki plan deyil. Bu yaxınlaradək Ermənistan hökuməti sərhədin delimitasiya və demarkasiya prosesində həmin xəritələrə əsaslanmağa təkid edib. Rəsmi Bakı Ermənistanın dəstəklədiyi mexanizmi rədd edib. Qriqoryan Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsi üzvlərinə bildirib: “Həmin xəritələr bəlli suallara cavab verə bilmir. Düşünürəm ki, delimitasiya prosesində bu xəritələr istifadə oluna biləcək və ediləcək tək qaynaq olmamalıdır. Fikrimcə, bir xəritəyə istinad etmək indiki və daha sonrakı mərhələlərdə çoxlu risqə yol aça bilər”. İddiasını əsaslandırmaqdan boyun qaçıran Qriqoryan deyib ki, qapalı qapılar ardında hüquqşünaslarla görüşlərdən sonra daha çox təfərrüat verə biləcək. O, Ermənistanla Azərbaycan sərhədlərinin delimitasiyasına aid sazişin ölkə parlamentində gözlənilən ratifikasiyası ərəfəsində bu fikirlərini söyləyib.
Yuxarıda qeyd olunduğu kimi, avqustun 30-da imzalanmış saziş delimitasiya prosesində Ermənistan və Azərbaycan hökumət komissiyalarının birgə fəaliyyətini tənzimləyən qaydaları əks etdirir. Orada tərəflərin xəritələrdən istifadə edib-etməyəcəyi və ediləcəksə, hansı xəritəyə üstünlük verəcəyi açıqlanmır. Komitənin oktyabrın 21-dəki iclasında müxalifətdən olan deputatlar bir daha bu fakta diqqət çəkiblər. Razılaşmada sərhədin öncə hansı hissəsinin və nə vaxt delimitasiya olunacağı da açıqlanmır. Ermənistan müxalifətini təmsil edən deputatların fikrincə, rəsmi Bakı yalnız sərhədin özünə sərfəli hissələrində delimitasiyaya razı olacaq. Sərhəd danışıqlarında Ermənistan nümayəndə heyətinə başçılıq edən Qriqoryan belə qorxuları aradan qaldırmaq üçün söyləyib ki, delimitasiyanın ardıcıllığı konsensus əsasında razılaşdırılacaq: “Tərəflərin heç biri “gəlin, delimitasiya prosesinə sərhədin bu bölümündə davam edək” deyə bilməz”. Qriqoryan və onun azərbaycanlı həmkarı Şahin Mustafayevin razılaşdırdıqları sənəd Ermənistan baş naziri Nikol Paşınyan dörd sərhəd ərazisini Azərbaycana verməyə razılaşandan dörd ay sonra imzalanıb. Bu qərar may və iyun aylarında İrəvanda hökumət əleyhinə böyük nümayişlərə yol açıb. Lakin xalq tərəfindən bu nümayişlər dəstəklənmir. Paşınyan martda bildirib ki, Azərbaycan o ərazilərdə nəzarəti ələ keçirməsə, Ermənistana hücum edəcək. Müxalifət hüquqşünaslarından biri olan Kristine Vartanyan Azərbaycan tərəfindən bənzər təhdidlərinin indi gedən danışıqlarda olub-olmamasına aydınlıq gətirməsini Qriqoryandan tələb edib. Baş nazirin müavini birmənalı cavabdan boyun qaçırıb. Onu da qeyd edək ki, bir çox postsovet ölkələri arasında sərhədlər hələ də delimitasiya və demarkasiya edilməyib. Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişi imzalansa da, delimitasiya və demarkasiya prosesi illərlə uzana bilər. Bunu nəzərə alaraq, sülh və sərhədlərin müəyyənləşdirilməsi proseslərini ayrılıqda və ya paralel şəkildə aparmaq daha məqsədəuyğundur. Yaxud ilk növbədə sülh sazişi imzalanmalı, sonra isə digər proseslər həll edilməlidir. Əks təqdirdə, regiondakı problemlər davamlı həllini tapmayacaq. Bunu Ermənistanda da yaxşı bilirlər. Amma sülh üçün Ermənistan Azərbaycana ərazi iddasını konstitusiyasında aradan qaldırmalıdır.
Ramil QULİYEV