Ankarada PUA, təyyarə və helikopterlərin istehsal olunduğu şirkətdə terror aktı... Ölənlərin sayı 5-ə çatdı - FOTO/VİDEO/YENİLƏNDİ
Daxili İşlər naziri Ali Yerlikaya Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) terror aktı ilə bağlı yeni açıqlama verib. Nazir TUSAŞ-da törədilən terror aktında şəhidlərin sayının 5-ə, yaralananların sayının isə 22-yə yüksəldiyini açıqlayıb.
"Təəssüf ki, şəhid sayımız 5, ümumi yaralı sayımız 22-dir. Hücumu böyük ehtimalla terror təşkilatı PKK-nın təşkil etdiyini dəyərləndiririk".
XXX
Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) terror aktı baş verib. Əvvəlcə müəssisəyə kamikadze hücumu, sonra isə giriş qapısında atışma olub. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, TUSAŞ-ın Ankara Kahramankazan obyektlərinə qarşı terror hücumu həyata keçirilib.
"Hücum nəticəsində, təəssüf ki, şəhidlərimiz və yaralılarımız var," - nazir qeyd edib.
Hücumun növbə dəyişmə vaxtı saat 15.30-da baş verdiyi bildirilir. Bu detal terrorçuların hücumu əvvəlcədən planlaşdırdığını və kəşfiyyat apardığını göstərir.
Hücumu 3 terrorçunun həyata keçirdiyi və onlardan 2-nin zərərsizləşdirildiyi bildirilib.
Terrorçuların TUSAŞ-ın giriş qapısına taksi ilə gəldiyi və qarşıdurmadan sonra taksinin partladıldığı iddia edilir. Hadisənin təhlükəsizlik kamerası görüntüləri də ortaya çıxıb. Görüntülərdə terrorçuların maşından düşərək ətrafa atəş açdığı görünür.
Daxili işlər naziri Ali Yerlikaya TUSAŞ-da törədilən terror aktında 4 şəhidin, 14 yaralının olduğunu açıqlayıb. O, yaralılardan 3-nün vəziyyətinin ağır olduğunu deyib. Nazir terrorçulardan 2-nin öldürüldüyünü bildirib: "Bir qadın və bir kişi olmaqla, iki terrorçu zərərsizləşdirilib".
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz isə bildirib ki, Ankarada TUSAŞ şirkətinin müdafiə müəssisəsində törədilən məkrli terror aktında məqsəd Türkiyə müdafiə sənayesinin nailiyyətlərini boğmaq cəhdi olub. “Mən əminəm ki, onlar buna nail ola bilməyəcəklər”, - deyən C.Yılmaz hücumun ilk dəqiqələrindən Türkiyə hüquq-mühafizə orqanlarının vəziyyətə müdaxilə etdiyini və Ankara Baş Prokurorluğunun cinayət işi açdığını vurğulayıb.
O əminliklə bildirib ki, terrorla mübarizə qətiyyətlə davam etdiriləcək.
Qeyd edək ki, Kahramankazanda yerləşən TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal olunur. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır.
TAHİR