Ermənistan hökuməti Türkiyə sərhədlərini açmaq istəyir, erməni cəmiyyəti istəmir...
Elnur Kəlbizadə: “...Bu prosesdə birtərəfli şəkildə tələsik addımların atılması gələcəkdə yenidən fəsadlara səbəb ola bilər”
Beynəlxalq Respublikaçılar İnstitutu sentyabrın 13-25-də “Brevis” analitik təşkilatının dəstəyi ilə keçirilən sorğuların nəticələrini dərc edib. Bu barədə “Ermenihaber” məlumat yayıb.
Sorğuda Ermənistanın 1500 sakini, o cümlədən Qarabağdan könüllü köçmüş ermənilər iştirak edib.
Sorğu iştirakçıları “Türkiyə ilə sərhədin açılmasının tərəfdarısınız, yoxsa əleyhinəsiniz” sualını cavablandırıb.
Respondentlərin 56%-i Ermənistan-Türkiyə sərhədinin açılmasının əleyhinədir, 42%-i Ermənistan-Türkiyə sərhədinin açılmasının qəti əleyhinədir, 18%-i, əksinə, bu prosesi tam dəstəkləyir.
Sərhədin açılmasının faydaları arasında mümkün iqtisadi artımı (65 faiz) göstərdilər. Əksəriyyətin (46 faiz) fikrincə, sərhədlərin açılması təhlükəsi “türklərin və azərbaycanlıların sərbəst gəlib-getməsidir ki, bu da təhlükəlidir”.
Göründüyü kimi, ermənilər yenə də öz iddialarından, cəfəng fikirlərindən, türk- azərbaycanlı düşmənçiliyindən əl çəkmək istəmirlər. Halbuki, bölgə üçün ən böyük təhlükə və təhdid terroru dəstəkləyən Ermənistan dövlətidir.
Ermənilər niyə narazıdır? Niyə Türkiyə ilə sərhədlərin açılmasını istəmirlər? Bu rəy sorğusu həqiqi mənzərəni nə qədər əks etdirir?
“Ermənistandakı əhalinin bir qismi, təqdim olunan statistika göstərir ki, həm də kifayət qədər böyük bir qismi, hələ də reallığın fərqində deyil”
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində “Uzun illər boyunca Ermənistanda aparılan anti-türk və anti-Azərbaycan təbliğatı vasitəsilə insanların beyninin yuyulması nəticəsində bu ölkənin əhalisi anti-türk və anti-Azərbaycan ruhunda tərbiyə (siz) edilib. Hətta bəzi siyasi qruplarda türkə, Türkiyəyə, Azərbaycana nifrət patoloji xəstəlik səviyyəsinə gəlib çatıb. Əslində 2020-ci il müharibəsi Ermənistan cəmiyyətinin patoloji xəstəliyinin daha da ağırlaşmaması üçün Azərbaycan dövlətinin həyata keçirdiyi vaksinasiya tədbiri idi. Məhz bunun nəticəsi idi ki, müharibəyə qədər "yeni ərazilər üçün yeni müharibə", "Qarabağ Ermənistana məxsusdur" kimi sərsəm şüarlar səsləndirənlər, vaksinasiya prosesindən sonra Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdıqlarını bəyan etdilər”-deyə bildirdi.
E.Kəlbizadə fikrinin davamı olaraq qeyd etdi ki, eyni zamanda ermənilər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara getməyin zəruriliyini dərk etdilər. “Amma Ermənistandakı əhalinin bir qismi, təqdim olunan statistika göstərir ki, həm də kifayət qədər böyük bir qismi, hələ də reallığın fərqində deyil. Revanşist təbliğatın təsiri altındadır. Məhz buna görə Azərbaycan böyük sülh müqaviləsinin imzalanması üçün əvvəlcə Ermənistanın Azərbaycana, Türkiyəyə qarşı konstitusion səviyyədə ərazi və digər iddialarından əl çəkməli olduğunu deyir. Bu məsələdə israr edir. Təbii ki, regionda sülhün və sabitliyin olması üçün əməkdaşlıq vacibdir, danışıqlar vacibdir. Lakin bu prosesdə birtərəfli şəkildə tələsik addımların atılması gələcəkdə yenidən fəsadlara səbəb ola bilər. Hər halda bunu Beynəlxalq Respublikaçılar İnstitutunun apardığı sorğunun nəticələri deyir. Buna görə də sülh sadəcə Paşinyan hökuməti ilə deyil, Ermənistan dövləti ilə imzalanmalıdır”-deyə E.Kəlbizadə vurğuladı.
İradə SARIYEVA