Xaricdən ət idxalına 30 milyon dollar artıq pul xərcləmişik - aqrar sektorda nə baş verir?..
Fuad İbrahimov: “Hələlik həmin ərazilərdə örüş yerlərindən istədiyimiz kimi istifadə edə bilmirik”
Azərbaycan yanvar - sentyabr aylarında xaricdən ət idxalına 90.5 milyon dollar xərcləyib. Bu, ötən ilin həmin dövründən 30.4 milyon dollar (50 faiz) çoxdur. Yəni bu ilin 9 ayında 41,4 min ton ət idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 11,2 min ton çoxdur.
Burada təəccüb doğuran məqam odur ki, ərazilər işğaldan azad ediləndə bunun ilk növbədə heyvandarlığın inkişafına müsbət təsir edəcəyi deyilirdi. Çünki ucsuz-bucaqsız, örüş üçün mühüm əəhəmiyyət kəsb edən boş qalmış ərazilərdən söhbət gedirdi. Ancaq məlum olur ki, ötən 4 ildə bunun heyvandarlığın artmasına təsiri olmayıb. Olsaydı, ən azından ət idxalı artmazdı. Niyə?
“Əhali məskunlaşmalıdır, minalar təmizlənməlidir, heyvandarlığın inkişafı üçün müvafiq infrastruktur yaradılmalıdır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “İqtisadiyyatda elə məqamlar olur ki, bəzi hallarda idxal qiyməti tənzimləyir. Bu nöqteyi-nəzərdən bizdə kənd təsərrüfatının şaxələnməsi son nəticədə örüş torpaqlarının azalmasına gətirib çıxartdı. Bu da öz növbəsində yem məhsulunun istehsalının azalmasına və qiymətinin artmasına səbəb oldu. Yem bahalaşırsa, bu, mütləq heyvandarlığın maya dəyərinə öz təsirini göstərir. Ona görə də ət idxalına üstünlük verilir. Çünki müəyyən ölkələrdən idxal edilən ətin qiyməti nisbətən ucuzdur. İdxal qiymətləri nisbətən ucuz olanda hardasa bazar tənzimlənir. Bu səbəbdən hətta son vaxtlar Monqolustandan qoyun ətinin idxalı prosesi başlanıb və kifayət qədər çərçivəli qiymətdə gətirilir. Bütün bunlar əslində bazarda qiymətləri normada saxlayır. Əks təqdirdə ətin qiyməti kəskin baha olardı. İşğaldan azad edilən ərazilərdə heyvandarlığın inkişafına gəldikdə isə, bu istiqamətdə iş gedir. Ancaq hələ ki, bunun miqyası geniş deyil. Çünki həmin ərazilərdə mina problemi var. Yaşayış hələ tam bərpa edilməyib. Çünki dağıntıların miqyası genişdir. Ərazilərin minalardan, partlamamış sursatdan təmizlənməsi prosesi ağır gedir. Bu işi tamamlamaq üçün illər lazımdır. O baxımdan hələlik həmin ərazilərdə örüş yerlərindən istədiyimiz kimi istifadə edə bilmirik. Düzdür, Kəlbəcər yaylaqlarından heyvandarlıq üçün istifadə edilir, amma digər rayonlarda vəziyyət fərqlidir. Elə azad edilən rayonlar var ki, orada minalardan çirklənmə səviyyəsi həddən artıq çoxdur. Məsələn, Ağdam və Füzuli rayonlarında minadan çirklənmiş ərazilər çox böyükdür. Mənə elə gəlir ki, mərhələli şəkildə biz azad edilən rayonlarda heyvandarlığın inkişafının nəticəsini görərik. Çünki əhali orada məskunlaşmalıdır, minalar təmizlənməlidir, heyvandarlığın inkişafı üçün müvafiq infrastruktur yaradılmalıdır. Eyni zamanda həmin ərazilərdə heyvandarlığın inkişafı üzrə ixtisaslaşmış aqroparklar yaradılmalıdır. Bütün bunların fonunda əhalinin istehlak səbətini qorumaqdan ötrü qiymətlər tənzimlənməlidir”.
Vidadi ORDAHALLI