"Əbədi yaşar ömür" adlı tədbir keçirildi
Nəsimi rayonu 14 saylı orta məktəbdə 5 oktyabr Müəllimlər Günü münasibətilə "Əbədi yaşar ömür" adlı tədbir keçirildi. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ulu öndər Heydər Əliyevin müəllim barədə söylədiyi qiymətli kəlamlar təqdim olundu: "Mən dünyada müəllim adında yüksək şərəfli ad tanımıram". Şagirdlərin ifasında məktəbə, müəllimə həsr edilən şeirlər və mahnılar təqdim olundu. Təqdim edilən ədəbi - bədii kompozisiyada şagirdlərinin çıxışları və ifaları yer aldı. Valideynlər də çıxış edib məktəb rəhbərliyini və kollektivi ürəkdən təbrik etdilər.
14 saylı orta məktəbin direktoru Rəfail Hüseynov da çıxış etdi və bildirdi ki, Müəllimlər Günü ümumxalq bayrama çevrilir. Bu gün bütün cəmiyyətin, xalqın bayramı olmalıdır. Məktəb direktoru bildirdi ki, müəllimlərin əsas məqsədi şagirdlərin yaxşı bir vətəndaş kimi yetişməsi, dövlətə, xalqa faydalı olmaq ruhunda formaşmasıdır. R.Hüseynov vurğuladı ki, bu şagirdlər gələcəkdə faydalı vətəndaş, mütəxəssis kimi cəmiyyətə bəhrə verəcəklər.
İradə SARIYEVA