Azərbaycanın Avropa ilə əlaqələrində ən məsul şəxs dəyişdirildi...
Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri dəyişib. Səməd Seyidov Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin yeni rəhbəri təyin olunub.
Bundan öncə Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Cavanir Feyziyev idi.
Məlumdur ki, Avropa Parlamenti ilə Azərbaycanın münasibətləri çox gərgindir. Son illərdə də Qarabağ müharibəsi ilə bağlı bir neçə dəfə Azərbaycana qarşı qərarlar qəbul edib.
Avropada Azərbaycanın münasibətlərinin ən pis olduğu qurumlardan biri Avropa Parlamentidir. Bu dəyişiklik bir nəticə yarada biləcəkmi? Bu kadr dəyişikliyi Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərinə necə təsir edəcək?
Azər Həsrət: “Açığını deyim ki, şəxsən mən belə bir müsbət nəticə gözləmirəm”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində “Açığını deyim ki, şəxsən mən belə bir müsbət nəticə gözləmirəm. Çünki Səməd Seyidov uzun illər AŞPA-da Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş şəxsdir və nəticəni də hamımız bilirik, Azərbaycanı AŞPA-dan qovublar. Yəni 2024-cü ildə AŞPA-da Azərbaycanın mandatını təsdiqləmədilər. Bu da o deməkdir ki, Səməd Seyidov orda olduğu müddətdə o ortamı yarada bilməyib ki, nəticədə bizi ordan uzaqlaşdırıblar”-deyə bildirdi.
A.Həsrət qeyd etdi ki, indi Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinə də S.Seyidov rəhbərlik edəcəksə, bundan ciddi bir nəticə gözləmir, əksinə, münasibətlərin daha da gərginləşəcəyini proqnozlaşdırmaq mümkündür. “Yəni Avropa Parlamenti bir qayda olaraq antiazərbaycan qətnamələri ilə həmişə gündəmdə olub. Səməd Seyidov bu durumu dəyişdirə biləcəkmi? Əmin deyiləm. Ümumiyyətlə isə, Azərbaycan parlamentinin indiki tərkibinin bizim beynəlxalq tələblərimizə cavab vermədiyi qənaətindəyəm. Yəni bu tərkib Azərbaycanı Avropa Parlamenti də, AŞPA da, ATƏT Parlament Assambleyası da, başqa beynməlxalq platformalar da daxil olmaqla yetərincə təmsil edə, Azərbaycanı irəli apara bilməyəcək. Çünki parlamentimizdə olan adamların imzaları avropalılara, amerikalılara, dünyaya heç nə demir. Bu adamlar, xüsusən də yeni deputatlar, ilk dəfə deputat olanlar haqqında deyirəm ki, onların əksəriyyətinin imzası heç kimə bəlli deyil. O adamların əkəsriyyətinin ümumiyyətlə beynəlxalq təcrübəsi yoxdur. Yalandan üç-beş dəfə hansısa beynəlxalq tədbirə göndərib süni bioqrafiya yaratmaqla deyil. Bu adamlar beynəlxalq platformalarda iştirak etməyiblər, siyasətçiləri tanımırlar, qaydaları bilmirlər, dünyanın düzənini bilmirlər. Yəni bunlarla gedib hara çıxacağıq? Açığını deyim ki, bu suala cavab verə bilmirəm. Bu dəyişikliyə isə bir daha qayıdıram, Səməd Seyidov AŞPA-da nə nəticə əldə edib, bizə bəllidir. Ona görə də Avropa Parlamenti ilə işbirliyi məsələlərində şəxsən mən optimist deyiləm”-deyə A.Həsrət vurğuladı.
İlyas Hüseynov: “Yeni rəhbər Avropa İttifaqı Parlamenti ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşmasına və yeni bir səviyyəyə qalxmasına çalışmalıdır”
Politoloq İlyas Hüseynov bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər hər zaman müsbət olmayıb və burada qərəzlilik özünü müxtəlif səviyyələrdə göstərib: “Bir tərəfdən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çox konstruktiv yanaşma nümayiş etdirərək Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verməyə çalışmışdır, digər tərəfdən, Avropa Komissiyasının rəhbəri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və enerji həcmlərinin artırılmasına dair Azərbaycan Avropa İttifaqı arasında saziş imzalamaq üçün Bakıya təşrif buyurmuşdu, digər tərəfdən, Cozef Borrelin anlaşılmaz bəyanatları da özünü göstərirdi. Bu, əlbəttə ki, çox təzadlı münasibətlər formalaşdırır. Məhz Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbərliyinin dəyişməsi də onu göstərir ki, Milli Məclisin hazırkı çağırışı qarşısında da mühüm vəzifələr dayanıb və yeni rəhbər Avropa İttifaqı Parlamenti ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşmasına və yeni bir səviyyəyə qalxmasına çalışmalıdır. Bu gün Avropa Parlamentində ölkəmiz əleyhinə dinləmələr keçirilir, müxtəlif saxta fikirlər səslənməkdədir. Bu da təəssüf doğurur. Çünki Azərbaycan həm beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verir, həm ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi regional sülhün möhkəmləndirilməsində maraqlıdır, eləcə də, ölkəmizdə qlobal əhəmiyyətli COP29 tədbiri keçiriləcək”.
İ.Hüseynov qeyd etdi ki, bu tədbirdə qlobal iqlim dəyişiklikləri, eləcə də ekologiyanın qorunması istiqamətində çox mühüm müzakirələr olacaq və Azərbaycan burada da planetin ekoloji təhlükəsizliyinin qorunmasında əsas güc mərkəzi rolunu oynayır. “Təəssüflər olsun ki, ölkəmizin bu uğurlarını həzm etməyən qüvvələr müxtəlif dairələrdə, o cümlədən də Avropa Parlamentində ölkəmizə qarşı təbliğatla məşğul olurlar”-deyə politoloq Hüseynov vurğuladı.
İradə SARIYEVA