Avroparlament Azərbaycanla enerji əməkdaşlığına son qoyulmasında israr edir...
Fikrət Yusifov: “Bu “ağalar” bizim müstəqil siyasətimizi həzm edə bilmirlər”
Avropa Parlamenti oktyabrın 22-dən etibarən Azərbaycanda insan haqlarının vəziyyəti və Ermənistanla münasibətlərə dair müzakirələrə başlayıb. Müzakirələrdən sonra qurum oktyabrın 24-də Azərbaycanla bağlı qətnamə qəbul edəcək.
Avropa Parlamentinin sözügedən müzakirələrlə bağlı yaydığı press-relizdə o da qeyd edilir ki, Avropa İttifaqının rəhbərliyinə enerji sahəsi ilə bağlı müraciət ediləcək. Yəni müraciət ediləcək ki, Azərbaycanla enerji sahəsindəki münasibətlərə, əlaqələrə yenidən baxsınlar.
Nə dərəcədə mümkündür ki, Avroittifaq Azərbaycanla enerji sahəsindəki əməkdaşlıqdan imtina etsin? Və ermənilər bu məsələdə nəyə stavka edirlər?
“Avropanın cənub-şərqində yerləşən heç bir ölkə Azərbaycandan qaz alınmasının əleyhinə çıxış etməyəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq maliyyə naziri, professor Fikrət Yusifov buna bir neçə aspektdən yanaşdı: “Biz Qərbin hədə-qorxu gəlmək taktikasına artıq çoxdan bələdik. Azərbaycanı Ermənistan etmək istəyirlər. Lakin anlamaq istəmirlər ki, Azərbaycan Ermənistan ola bilməz. Bu “ağalar” bizim müstəqil siyasətimizi həzm edə bilmirlər. Azərbaycan ətrafında Qərbin siyasi həyasızlığının hədəfi onu özünə tabe etdirməkdir. Qərbin hər hansı bir vədinə inanmamaq bizim haqqımızdır. Bu haqqı Qərb özü verib bizə. Otuz ildə erməni işğalına göz yuman Qərbin yaramaz siyasi dairələri indi bizə demokratiya dərsi demək istəyirlər. Bu alınmayacaq. Azərbaycan müstəqil dövlət olaraq regionda və dünyada balanslaşdırılmış siyasət yürüdür. Əgər kimsə Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, bu əməkdaşlığın altına yalnız öz maraqlarını qoymamalıdı. Azərbaycan yanacaq-enerji resursları olmayan, dalana dirənmiş Ermənistan deyil. Bunu AB təsisatlarının başında dayananlar anlamağa məhkumdular. Avropa Birliyi gələcəyi olmayan bir təsisatdır. O, nə dövlətdən dövlət, nə də gerçək ittifaqdan bir ittifaqdır. Bu birliyin üzvləri arasında müxtəlif məsələlərə münasibətdə yetərincə fikir ayrılıqları mövcuddur və bu fikir ayrılıqları da birliyin təməlini gerçəkdən laxladır. Baxın, bunlar Ukraynaya yardım məsələsində belə fikir birliyinə gələ bilmirlər. İ.Krılovun məşhur təmsilindəki kimi hər dövlət arabanı bir tərəfə çəkir. Belə araba yeriməz. Qarşıda isə AB ölkələrini dərin iqtisadi tənəzzül gözləyir və bu proses artıq başlayıb. Bu geniş mövzudu. Lazım gəlsə buna dair geniş təhlil təqdim edə bilərəm. Bu gün AB təsisatlarının yaratdıqları siyasi şouların əsas məqsədi də xalqların diqqətini getdikcə pisləşən sosial durumdan yayındırmaqdan ibarətdir. Azərbaycandan alınan qazla Avropa Rusiyanın qaz şantajından müəyyən qədər canını qurtarır. AB təsisatlarının başında dayananlar bir məsələni dəqiq bilməlidilər ki, Avropanın cənub-şərqində yerləşən heç bir ölkə Azərbaycandan qaz alınmasının əleyhinə çıxış etməyəcək. Onlar Cənubi Qafqazda Azərbaycanın rolunun və yerinin nədən ibarət olduğunu yaxşı bilirlər. Cənubi Qafqazın açar dövləti ilə münasibətləri pozmaq onlara yaxşı heç nə vəd etmir. Və bu cənablar dediklərimizi hər kəsdən yaxşı anlayırlar”.
Vidadi ORDAHALLI