Azərbaycanda ticarətdən başlanan özəl sektor böyük inkişaf yolu keçməkdədir...
Sahibkarlıq hər bir ölkənin bazar iqtisadiyyatının ən mühüm tərkib hissəsidir. İnsanları iş yeri ilə təmin edən, büdcəyə əhəmiyyətli vergi ödəyən, sosial proqramlarda iştirak edən sahibkarlıqdır. Sahibkarlığın iqtisadiyyatdakı rolu davamlı surətdə yüksəlir.
Azərbaycanda da sahibkarlıq təkrar istehsal prosesinin strukturunda ayrılmaz bir əlaqənin əsas təminedici tərəfidir. Bunsuz ölkəmizdə inkişaf edən bazar iqtisadiyyatı şəraitində cəmiyyətin uğurlu sosial-iqtisadi tərəqqisini və istehsalın səmərəliliyinin artırılmasını təmin etmək mümkün deyil.
Ölkəmizdə sahibkarlığın bütün növləri uğurla inkişaf edir
Sahibkarlığın ən mühüm funksiyası resursdur. Belə ki, sahibkarlığın inkişafı həm təkrar istehsal olunan, həm də məhdud resurslardan səmərəli istifadəni nəzərdə tutur. Təbii ki, bunlar ilk növbədə əmək ehtiyatlarını, torpaq və təbii sərvətlərini, bütün istehsal vasitələrini özündə ehtiva edir. Sahibkar yüksək ixtisaslı işçi qüvvəsindən və bütün növ resurslardan səmərəli istifadə edərsə, ən böyük uğura nail ola bilər.
Sahibkarlıq, antibürokratik iqtisadi idarəetmənin mühüm bir növü kimi də çıxış edir.
Bazar iqtisadiyyatının qurulması prosesində sahibkarlıq hər bir bacarıqlı fərdin biznes sahibi olmaq, öz fərdi istedad və imkanlarını ən yüksək səmərəliliklə nümayiş etdirmək qabiliyyəti ilə ifadə olunan sosial funksiya əldə edir. Bu funksiya getdikcə yeni insanlar təbəqəsinin - öz biznesini qurmağa və məqsədlərinə çatmağa qadir olan təşəbbüskar insanların formalaşmasında daha çox üzə çıxır. Eyni zamanda, iqtisadi və sosial baxımdan biznes fəaliyyətinin nə dərəcədə dayanıqlı olmasından asılı olan muzdlu işçilərin sayı artır. Sahibkarlığın ən mühüm funksiyası təşkilati xarakter daşıyır. Bu da sahibkarların öz bizneslərini təşkil etmək haqqında müstəqil qərarlar qəbul etmələrində, sahibkarlıq idarəetməsinin formalaşdırılmasında, mürəkkəb sahibkarlıq strukturlarının yaradılmasında və sairdə özünü göstərir. Təşkilati funksiya xüsusilə kiçik və orta biznesin sürətli inkişafında, eləcə də “kollektiv sahibkarlıq”da xalq müəssisələrinin yaradılmasında aydın şəkildə ifadə olunur. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadiyyatın bazar münasibətlərinə keçidi istər-istəməz sahibkarlığın formalaşması və inkişafı ilə bağlıdır. Beləliklə, bütövlükdə iqtisadiyyatdan, xüsusən də bazar iqtisadiyyatından danışarkən istər-istəməz iqtisadi fəaliyyətin tərkib hissəsi kimi sahibkarlığa xüsusi diqqət yetirilməsi zəruri şərtdir. Müxtəlif iqtisadi sahələrdə sahibkarlıq forma və xüsusilə əməliyyatların məzmununa və onların həyata keçirilməsi üsullarına görə fərqlənir. Lakin biznesin təbiəti sahibkarın istehsal etdiyi, təqdim etdiyi mal və xidmətlərin növündə əhəmiyyətli iz buraxır. Sahibkarlıq fəaliyyəti müxtəlifdir. İstənilən biznes bu və ya digər dərəcədə təkrar istehsal dövrünün əsas mərhələləri - məhsulların istehsalı, xidmətlərin göstərilməsi, malların mübadiləsi və bölüşdürülməsi, onların istehlakı ilə əlaqəli olduğundan sahibkarlıq fəaliyyətinin aşağıdakı növlərini qeyd etmək olar: istehsal, kommersiya, maliyyə. Bundan əlavə, son onilliklərdə dünyanın bütün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində məsləhətçi kimi sahibkarlıq növü fərqləndirilir. İstehsal sahibkarlığını aparıcı sahibkarlıq növü adlandırmaq olar. Burada məhsullar, mallar, işlər görülür, xidmətlər göstərilir, müəyyən dəyərlər yaradılır. Kommersiya sahibkarlığı ən böyük inkişafı Azərbaycanda bazara keçidin ilk illərində geniş vüsət aldı. Bu forma malların və xidmətlərin alqı-satqısı üzrə əməliyyatlar ilə xarakterizə olunur. Əvvəllər xeyli dərəcədə məhdud olan bu sahə, əsasən, özəl, fərdi sahibkarlıq sayəsində sürətlə inkişaf etməyə başladı. İstehsal fəaliyyəti, bir qayda olaraq, müəssisə və ya firmanın rentabelliyinin 10-12%-ni təmin edirsə, kommersiya fəaliyyəti 20-30%-ni və çox vaxt daha yüksək gəlir gətirir.
Sahibkarlıq fəaliyyətinin xüsusi növü maliyyə fəaliyyətidir. Maliyyə fəaliyyəti həm istehsal, həm də kommersiya fəaliyyətinə nüfuz edir, lakin o, bank, sığorta və sair şəkildə həm də müstəqil ola bilər. Maliyyə əməliyyatı əvvəlki biznes fəaliyyəti növləri kimi yüksək gəlir dərəcəsini nəzərdə tutmur: bu dəyər 5-10% ola bilər.
Son illərdə Azərbaycanda məsləhətçi sahibkarlıq kimi perspektivli bir forma getdikcə inkişaf etdirilir.
Bazar iqtisadiyyatının formalaşması cəmiyyətin sosial strukturunu dəyişdirib
Azərbaycanda sahibkarlığın formalaşması və inkişafı öz xüsusiyyətlərinə malikdir. Ölkədə bazar iqtisadiyyatının formalaşması və inkişafı cəmiyyətin sosial strukturunu dəyişdirib, yeni təbəqələrin, sosial-struktur formasiyaların yaranmasına səbəb oldu. Söhbət fərdi təşəbbüslərlə iş quran insanlardan gedir. Onlar arasında özünüməşğulluqla məşğul olan işəgötürənlər və istehsalat kooperativlərinin üzvləri fərqlənir.
Sahibkarlıq sosial-iqtisadi fəaliyyət forması kimi həm sosial inkişafda, həm də iqtisadi dinamikada əvəzsiz rol oynayır. Eyni zamanda, biznes sektoru üzrə iqtisadiyyat və cəmiyyət arasında qarşılıqlı əlaqələr kifayət qədər mürəkkəbdir. Prinsipcə, biznes sektorunun iqtisadiyyat və cəmiyyətdəki xüsusi missiyasından və konkret dövrdə onun həyata keçirilməsinə mane olan və ya sürətləndirən amillərdən danışmaq olar. Buna görə də sahibkarın uğuru onun şəxsi dərrakəsindən və işgüzarlığından asılıdır. Əgər ödənilməmiş tələbat və ya ən azı onun formalaşma ehtimalı aşkar edilərsə, bu sosial-iqtisadi “hadisə”nin baş verdiyi yerdə ilk olaraq sahibkar olmalı və bu tələbin yaranması, sonra isə ödənilməsi üçün bütün tədbirləri görməlidir. Buna görə də, sahibkarlıq fəaliyyəti iqtisadiyyatda tələb və təklifin yerli balanssızlığından yaranan gərginliyi daim aradan qaldırmağa imkan verir. Azərbaycanda sahibkarlığın, xüsusən istehsalat sahibkarlığının inkişafına xüsusi diqqət olunur. Düzdür, ölkədə sahibkarlıq ilk növbədə ticarət sahəsində yaranıb, burada əsas gəlir mənbəyi malların alqı-satqısı zamanı qiymət fərqləridir. Amma istehsalata getdikcə daha çox diqqət olunur. İqtisadiyyatın sürətli liberallaşdırılması şəraitində bunun üçün əlavə imkanlar yaranıb. Bu gün sahibkar təkcə neft, qaz və ya nadir faydalı qazıntılar kimi yeni ehtiyatlar kəşf etmir. İndi sahibkarlar mövcud resurslardan sənaye tullantıları və ya bərpa olunan enerji mənbələri kimi yeni üsullarla istifadə etmək üçün əlavə imkanlar açır. Sahibkarlar resurslardan səmərəli istifadəyə görə cəmiyyət qarşısında iqtisadi məsuliyyət daşıyırlar. Yəni, çalışırlar ki, nəinki istehsalı yaxşı təşkil etsinlər, həm də onun səmərəliliyini artırsınlar. Bütün bunlar iqtisadi tərəqqiyə əlavə təkan verir, Azərbaycanı iqtisadi cəhətdən daha qüdrətli ölkə edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.