Niderlandın özəl sektorunun COP29-da iştirak imkanları müzakirə edildi
Azərbaycanın Niderland Krallığındakı səfirliyi və Niderlandın iqlim elçisi Xayme de Börbon de Parmenin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş konfrans keçirilib.
Səfir Rəhman Mustafayev konfransda Bakının ev sahibliyi edəcəyi COP29-un prioritetləri, Azərbaycanın təşəbbüsləri və iqlim strategiyası, eləcə də Azərbaycan–Niderland ticarət və investisiya əlaqələrinin genişlənməsi imkanları haqqında geniş təqdimat edib.
Tədbirdə Niderlandın 100-ə yaxın özəl sektor nümayəndəsi, Xarici İşlər, İqlim Siyasəti və Yaşıl İnkişaf, İnfrastruktur və Su İdarəçiliyi nazirliklərinin, Niderland İnkişaf Bankının (FMO) üzvləri, Niderlandın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (UNFCCC) nümayəndə heyətinin rəhbəri, həmçinin Niderland–Britaniya Ticarət Palatasının nümayəndələri iştirak ediblər. Konfransda Niderlandın özəl sektorunun COP29-da iştirak imkanları və prioritetləri müzakirə edilib. Tədbir fikir mübadiləsi ilə davam edib.