İqtisadiyyatda ən az işıqlanan mövzu - sahibkarlara "rezident hüququ" necə verilir…
Xalid Kərimli: “Qarşıya qoyulan məqsədə çatmaq üçün texnoloji parkın sahəsi böyük və lazımi səviyyəyə uyğun deyilsə məsələ yenidən müzakirəyə çıxarılır”
Məlum olduğu kimi, cari ilin yeddi ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 10-u Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 1-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Qeyd edək ki, qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Maraqlıdır, sahibkarlara rezident hüququ necə verilir? Bu hansı əsaslarla təyin olunur?
“Sahibkarların fəaliyyəti, bu sahəyə qoyacağı investisiya, həmin parkın və ya məhəllənin təyinata uyğun gəlib-gəlməməsi müəyyən olunur”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İqtisadi Zonaların İnkişafı Agentliyi əsasən sənaye texnoloji parklar, məhəllələrlə məşğuldur. Agentlik sənaye texnoloji məsələlərin idarə olunması ilə məşğul olur: “Məlumat üçün deyim ki, hər bir texnoloji parkın, məhəllənin özünün idarəetməsi, təyinatı, ixtisaslaşması olur. Məsələn, Pirallahıda farmakologiya, dərman, Balaxanı sənaye və digər sahələr üzrə idarə olunur. Sahibkarlara rezident adı o halda verilir ki, onların fəaliyyət göstərəcəyi sahəyə qoyacağı investisiya, həmin parkın və ya məhəllənin təyinata uyğun gəlib-gəlməməsi müəyyən olunur. Qarşıya qoyulan məqsədə çatmaq üçün texnoloji parkın sahəsi böyük, lazımi səviyyəyə uyğun deyilsə məsələ yenidən müzakirəyə çıxarılır. Həmçinin, təsərrüfat subyektinin maliyyə gücü, planları da nəzərə alınır. Bu kimi məsələlər müzakirə olunur və sonda vəziyyətə uyğun qərar verilir”.
X.Kərimli onu da əlavə etdi ki, rezident statusu almaq istəyən şəxsin fəaliyyət tarixçəsi də nəzərə alınır. Rezidentlik verilərkən hər bir xırda detala fikir verilir. Qarşılıqlı müzakirələr nəticəsində uyğun qərar verilir.
Günel CƏLİLOVA