Rusiya buğda rüsumunu 2 dəfə azaltdı - Azərbaycana faydası varmı...
Akif Nəsirli: “Rüsumun azalması istər istəməz Azərbaycanda xərclərin azalmasına təsir edəcək”
Məlum olduğu kimi, Azərbaycanın buğda aldığı yeganə ölkə Rusiya 2024-cü ilin avqustun 7-dən bu məhsulun ixracına tətbiq etdiyi rüsumu iki dəfə azaldacaq.
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Rusiyadan buğda ixracına görə rüsum avqustun 7-dən bir ton üçün 906,4 rubldan 444,4 rubla endiriləcək. Maraqlıdır, Rusiyanın buğdanın ixrac rüsumunu azaltması Azərbaycana necə təsir edəcək?
“Rusiyanın buğda ixracına görə rüsumu 906,4 rubldan 444,4 rubla endirməsi cüzi rəqəmdir”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki,Rusiyanın buğda ixracına görə rüsumu 906,4 rubldan 444,4 rubla endirməsi cüzi rəqəmdir: "Rüsumun azalması istər istəməz Azərbaycanda xərclərin azalmasına təsir edəcək. İstənilən vəziyyətdə bu yaxşı haldır”.
Ekspert hesab edir ki, Rusiya bazarda Qazaxıstanın payının artmasından narahatdır. Bu səbəbdən də bu cür addımlar atır.
Həmsöhbətimiz onu da əlavə etdi ki, rüsumla yanaşı, rus buğdasının da qiyməti getdikcə ucuzlaşır. Məlumdur ki, Azərbaycan əsasən buğdanı Rusiyadan idxal edir. Rüsumun iki dəfə azalması müsbət haldır: "Rusiyadan taxıl idxalı çoxaldıqca, qiymətlərdə Çinin hesabına bahalaşma ola bilər. Çin Rusiyadan küllü miqdada taxıl almağa başlayıb. Ümumiyyətlə, dənli bitkilərin hamısından alır. Bu alıcılıq ola bilsin ki, qiymətlərə müəyyən qədər təsir göstərsin. Amma bu təsirlərdə də indiki dövrdəki kimi olmayacaq. Çünki indi mövsümü dövrdür".
Ekspert onu da əlavə etdi ki, Azərbaycanın illik ərzaqlıq buğda idxalı bəllidir: “Bu təxminən 1,2 milyon ton üzərindədir və bu ehtiyacın da əsas hissəsi Rusiyada taxıl biçinindən sonra – payız aylarında tədarük olunur. Nəzərə alaq ki, əvvəlki illərdə dünya ərzaqlıq buğdanın qıtlığını yaşadı. Ona görə də ötən ilki buğda biçinindən sonra dünyanın taxıl tədarükçüləri daha çox ehtiyat yaratmağa çalışdı. Təbii ki, Azərbaycandakı buğda tədarükçüləri də bu prosesdən kənarda qalmadı və ölkəmizə lazım olduğundan çox ərzaqlıq buğda gətirildi. Bu səbəbdən də yanvar ayından başlayaraq idxalda enmə müşahidə olunur. Mən bunu doğru strategiya hesab edirəm. Bu il də eyni strategiyanın təkrarlanması gözlənilir. Çünki, taxıl biçinindən dərhal sonra buğdanın qiyməti daha ucuz olur”.
Günel CƏLİLOVA