Qarabağa ermənilərin qayıtmasını Ermənistandan çox Qərb ölkələri çözələyir - niyə?..
Elşən Mustafayev:” Əks təqdirdə onlar Azərbaycanın 1988-ci ildə Ermənistandan köçürülənlərlə bağlı tələblərinə cavab verməli olacaq”
Son vaxtlar biz görürük ki, Ermənistan hakimiyyət nümayəndələri, hətta Paşinyanın özü belə erməni əsilli vətəndaşların Qarabağa qayıtması ilə bağlı heç bir tələb irəli sürmür.
Ancaq maraqlıdır ki, bu məsələni Ermənistandan daha çox ABŞ senatorları və Qərb dairələri yada salır, dilə gətirir. Ermənilərin özündən daha çox Qərb və ABŞ dairələrinin erməni əsili vətəndaşların Qarabağa qayıtmasını tələb etməsi nə ilə bağlıdır?
Siyasi şərhçi Elşən Mustafayev “Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində bu məsələyə aydınlıq gətirib: “O deyib ki, ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur. Paşinyan xatırladıb ki, Ermənistan öz ərazisindən kənarda heç bir iddia ilə çıxış etmir.
O, Qarabağ uğrunda müharibəyə başlamaq fikrində olmadığını da bildirib.
Azərbaycan vətəndaşı olan ermənilərin Qarabağa qayıtması məsələsində dövlətimizin mövqeyi birmənalıdır.
Azərbaycan dövlətinin qərarına əsasən, 1988-ci ilə qədər Qarabağda yaşayan erməni sakinlər və onların varislərinə Azərbaycanın hüquqları çərçivəsində Qarabağda yaşamaq hüququ tanınır. Qarabağda doğulub boya-başa çatan və Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan ermənilər istədikləri halda geri qayıdıb ərazimizdə yaşaya bilərlər.
Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan hələ də vaxtilə Qərbi Zəngəzurda yaşamış və 1988-ci ilə məcburi şəkildə deportasiya olunmuş azərbaycanlıların orada yaşamaq hüququnu tanımır. Buna görə də mövcud Ermənistan iqtidarı Qarabağ ermənilərinin məsələsinin sülh gündəliyindən çıxmasını sakit qarşılayır. Çünki əks təqdirdə Azərbaycanın 1988-ci ildə Ermənistandan köçürülənlərlə bağlı tələblərinə cavab verməli olacaq. Paşinyan isə bunu istəmir.
Ermənilərin Qarabağa qayıtması üçün səslənən şərtlər: Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycan qanunlarına tabe olmaq və Azərbaycanın dövlət atributlarını tanımaq. Bu kimi faktlar da sübut edir ki, hazırkı mərhələdə Qarabağı tərk edən ermənilərin geri qayıtmaq fikri yoxdur. Qərb bu gün də Ermənistandan maşa kimi istifadə edir. Cənubi Qafqazda sabitliyi pozmaq və regional güc balansını öz xeyrinə dəyişmək üçün Qərb Ermənistana bəzi vədlər verir. Hətta onu da deyirlər ki, lazım gəlsə, NATO əsgərləri gəlib Ermənistanda vuruşar. ABŞ və Qərb dairələri Azərbaycana təzyiq kimi bu kartdan istifadə etmək istəyir. Bu o anlama gəlmir ki, onları ermənilərin tsleyi düşündürür. Bilirlər ki, bu tələblər keçərli deyil. Çünki Azərbaycan elə şərtlər irəli sürür ki, bu, Ermənistana sərf etmir. Ermənistan hakimiyyəti həm də onların adı ilə Qərbdən külli miqdarda qrantlar alır. İstənilən halda bu tələblər Azərbaycan üçün keçərli deyil”.
Məhəmmədəli QƏRİBLİ