"ABŞ Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək istəyir" - Ceyms O'Brayn
ABŞ Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək istəyir. Trend xəbər verir ki, bu barədə bu gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirilən brifinqdə deyib.
"Biz əməkdaşlıq sahələrini möhkəmləndirmək və genişləndirmək istəyirik. Bugünkü müzakirəmizin böyük hissəsi regiondakı vəziyyətə və hökumətlərin birlikdə daha səmərəli çalışmaq imkanlarına həsr olunub. Mən müzakirə etdiyimiz bir sıra konkret məsələnin üzərində dayanacağam. Biz Mərkəzi Asiyadan Atlantikaya qədər, şimaldan cənubadək uzanan regionda vəziyyəti gözdən keçirdik və hadisələrin necə inkişaf etdiyini müşahidə etdik", - o əlavə edib.