Mənzil bazarında "Xruşşovkalar" "su qiymətinə" düşdü…
Ramil Osmanlı: “Əmlak bazarında yaşanan hazırki vəziyyət qiymətlərə təsir etməyəcək”
İnsanlar arasında "xruşşovka" kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışı müşahidə olunur. Elan saytlarına nəzər yetirəndə görmək olur ki, köhnə mənzillər bazar qiymətinə uyğun satışa çıxarılır.
Təbii ki, həmin mənzillərin alıcıları da az deyil. Həmin mənzillərin kütləvi satışına səbəb kimi o binaların tezliklə sökülməsi qeyd edilir. Bu da insanlarda müəyyən panikaya və psixoloji narahatlığa səbəb olub.
Maraqlıdır, həmin binalarda mənzillərin kütləvi satışa çıxarılması mənzil bazarına necə təsir edəcək?
“Həmin mənzillərin alıcı kütləsi o insanlardır ki, onlar ucuz olduğu üçün investisiya məqsədilə mənzilləri alırlar”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əmlak bazarında yaşanan hazırki vəziyyət qiymətlərə təsir etməyəcək: “Çünki həmin mənzillərin alıcı kütləsi o insanlardır ki, onlar ucuz olduğu üçün investisiya məqsədilə mənzilləri alırlar. Alınan o mənzil ya kirayə verilir, ya da müəyyən məqsəd üçün istifadə olunur. Mənzili alanlar bilir ki, müəyyən müddət sonra həmin binalar söküləcək. Qarşılığında isə vətəndaşa ya hansısa binadan ev veriləcək, ya da müəyyən məbləğdə pul. Istər-istəməz bu hal vətəndaşa iqtisadi baxımdan sərfəlidir. Yəni belə binalarda yerləşən mənzillərin alıcıları da yatırımçılar olur. Həmin şəxslər köhnə mənzil sökülüb yerində təzəsi tikildikdən sonra təzə mənzili satışa çıxarır və iki dəfə baha satır. Bundan əlavə, çoxmərtəbəli binalar tikiləndə kirayə pulu da verirlər ki, bu da əlavə qazancdır”.
Ekspert hesab edir ki, təklifin çoxluğu bazara təsir etmir. Yeni tikililərdə qiymət azalmayana qədər köhnə tikililərdə qiymət dəyişikliyi gözlənilməməlidir: “Onu da deyim ki, vətəndaşlar həmçinin artıq köhnə binaların yerinə daha çox yeni binalara üstünlük verir. Bu isə köhnə binalardakı mənzillərin kütləvi satışına səbəb olur və yeni binalardan mənzillərin alınması ilə nəticələnir”.
Günel CƏLİLOVA