Şaxtalı qışın soyuğuna dözməyən əhali Lerikin kəndlərini tərk edir...
Bu gedişlə Lerikin kəndləri çətin bir də köhnə sevincli günlərə qayıtsın. Artıq camaat payızın palçığına, yayın toz-torpağına, sosial məsələlərin ağrı-acısına öyrəşib. Amma yanacaq qıtlığına şaxtalı qış günləri dözmək olmur.
Dağ kəndlərinin kabusuna çevrilən bu məsələnin səbəbkarı elə dövlətin etibar etdiyi məmurlardır. 10-15 il bundan əvvəl necə ki, kəndlərə mavi qazın verməsini ortaya atdılar, meşələr əhalinin üzünə bağlandı. Fürsətdən istifadə edib yanacaq odununun qiymətini qaldırdılar qızıl qiymətinə. Hazırda onu almağa hər adamın imkan çatmır. Bir də həyətlərdə kəsiləsi meyvə ağacları qalmayıb. Nəticədə dünyanın çox hissəsinə təbii qazın ixracını ilbəil artıran ölkənin vətəndaşları şaxtalı qışda otaqlarını isitməyə yanacaq tapa bilmirlər. Elə başımıza gələn bəlaların çoxu da özümüzə qarşı biganəlikdən olur...
Artıq Lerikin dağ kəndlərində qış qapını kəsib. Soyuq ilığa işləsə də, hələ çox evin bacasından tüstü çıxmır. Çünki ilin şaxtasından sağ-salamat çıxmaq üçün lazımi qədər odun tədarük olunmayıb. Rayonda olan hərc-mərclik dövründə qızıl qiymətinə odun almağa hər kəsin gücü çatmır. Prezident nə qədər vətəndaşların rifahı naminə çalışsa da, gözdən uzaq Lerik rayonunda məmurlar hər vasitə ilə insanların qanını sormaqdan qalmırlar. Neft və qaz ölkəsi olaraq bütün dünyada tanınan bir ölkənin kiçik parçasının vətəndaşları bu, qarlı-şaxtalı günlərdə olduqca ağır vəziyyətə düşüblər. Bir ailə qışdan qurtulmaq üçün ən azı iki maşın odun almalıdır. Buda kreslo sahiblərinin tərəfindən 1800 manata satılır. Özünüz deyin, qəpik-quruşla günlərini sayan 65-70 yaşlı kəndli bu qədər pulu haradan tapsın? Ayağı yer tutan ata-baba ocağından qaçır, imkansızlar isə soyuq otaqlarda özünə ölüm diləməklə sanki təsəlli tapırlar. Təəssüf ki, kəndlini ağlar günə qoyan, öz maddi marağını xalqın marağından üstün tutan bir-sıra harınlara hələlik dövlətin güc çatmır. Həmçinin Prezidentin etimadından, onlara olan etibardan sui-istifadə edən, dahi şair Nizaminin sözü ilə desək, “darğalar” yığdığı haram pullarla ölkə rəhbərinin işlərinə əngəl olur, dövlətin inkişafına təhlükə yaradırlar. Doğrudur, onların azcası öz cəzasına çatıb. İblis cildinə girib yalan vədlərlə cəmiyyəti his-pasda boğan, saman altından su yeridənləri isə hələ qalır...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü