Fransanın Rafale qırıcılarına Özbəkistanın çoxmu ehtiyacı var?..
İbrahim Rüstəmli: “Belə bir ölkə ilə hərbi sahədə əməkdaşlıq asılılıq və digər problemlər yarada bilər”
Özbəkistan rəsmiləri Fransadan 24 ədəd Dassault Rafale qırıcı təyyarəsi almaq istəyir. Bu barədə “Intelligence Online”portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa prezidenti Emmanuel Makronun noyabrın 2-də Daşkəndə səfəri zamanı təkcə ticarət deyil, həm də hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Fransa prezidenti Makronun noyabrın 2-də Özbəkistanın paytaxtı Daşkəndə səfəri zamanı Total Energies və Orano ilə enerji və mədən müqavilələri imzalanarkən müdafiə satışı üçün potensial imkan da açılıb. Qeyd edilir ki, Özbəkistan çətin Dassault Rafale əldə edə bilsin. Çünki istehsalçı artıq Hindistan, Qətər, İndoneziya, Xorvatiyadan sifarişlərlə yüklənib və Səudiyyə Ərəbistanında genişmiqyaslı kampaniya aparır. O üzdən, Parisin Dassault Mirage 2000 təyyarələrini Daşkəndə təklif etməsi tamamilə mümkündür.
Maraqlıdır, Özbəkistanın belə qırıcılara, həm də Fransanın qırıcılarına çoxmu ehtiyacı var? Halbuki, Fransa pis niyyətlə Qafqaza və Orta Asiyaya soxulmaq istəyir.
“Özbəkistanın hava sahəsinin pozulması üçün elə bir ciddi təhdid mənbəyi yoxdur ki, bahalı Fransa qırıcıları alsın”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, prinsipcə, Özbəkistanın Fransa qırıcılarını baha qiymətə almasına ciddi zərurət yoxdur: “Əvvəla, Fransa istehsalı olan Dassault Rafale qırıcı təyyarələri həm çox bahadır, həm də olduqca mürəkkəb sistemə malikdir. Həmin təyyərələrin idarə edilməsini öyrənmək, mənimsəmək çox çətindir. Özü də Özbəkistan keçmiş SSRİ dövlətlərindən biridir. Rusiya istehsalı olan qırıcı təyarələrin sistemi tamam fərqlidir. Bəli, ABŞ istehsalı olan F-16 qırıcılarından sonra Fransa istehsalı olan Dassault Rafale qırıcıları bir sıra üstünlüklərə malikdir. Ancaq onların alınmasına Özbəkistanda elə ciddi zərurət yoxdur. Birincisi, Özbəkistan əsasən tükdilli ölkələrin əhatəsindədir. Bu ölkələr xaric, Özbəkistan yalnız Əfqanıstanla həmsərhəddir. Yəni Özbəkistanın hava sahəsinin pozulması üçün elə bir ciddi təhdid mənbəyi yoxdur ki, bahalı Fransa qırıcıları alsın. Üstəlik, Fransa hakimiyyətinin türkdilli, müsəlman ölkələrinə münasibətdə düşmənçilik mövqeyindən çıxış etməsini də nəzərdən qaçırmaq olmaz. Həmçinin, Fransa bütün vasitələrlə Qafqaza, Orta Asiyaya daxil olmaq, öz nüfuz dairəsini genişləndirmək istəyir. Belə bir ölkə ilə hərbi sahədə əməkdaşlıq asılılıq və digər problemlər yarada bilər. Düzdür, Özbəkistanla Fransa arasında çox isti münasibətlər var, iki ölkə rəsmiləri qarşılıqlı səfərlər edir. Fransa Özbəkistanda bir sıra layihələr həyata keçirir. Ancaq bu o demək deyil ki, Fransaya etibar etmək olar. Əsla yox. Fransanın Afrika və Asiya ölkələrində necə böyük soyqırımlar törətdiyini unutmaq olmaz”.
Vidadi ORDAHALLI