Ermənistanın müharibə hazırlığı ortada - Bu ölkəni nə gözləyir...
Emin Həsənli: “Ermənistan bu dəfə müharibəyə başlasa, varlığı sual altına düşəcək”
Ermənistan hakimiyyəti son zamanlar öz davranışları ilə müəyyən şübhələr oyadır. Çünki onlardan gözləntilər tamamilə fərqli idi. Azərbaycan faktiki şəkildə Qarabağ məsələsini həll edib, suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olunub.
Ancaq Ermənistanla hələ də həll edilməmiş bir neçə məsələ qalır. Bunlardan birincisi sərhədlərin delimitasiya və demarkasiyasıdır, ikincisi isə daha çox cəmiyyətimizdə “anklavlar məsələsi” kimi tanınan Azərbaycanın eksklavları məsələsidir. Azərbaycanın hələ də işğal altında olan 8 kəndi və Ermənistanın sülh danışıqları yerinə silahlanmanı seçməsiü onu fəlakətə sürükləyə bilər.
Bütün bunlar onu deməyə əsas verirmi ki, Ermənistan yeni müharibəyə hazırlaşır və ta hazırlaşdırılır? Ermənistan buna getsə, aqibəti necə olacaq?
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan heç bir zaman üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir: “Ermənilər 1813 - ci il Gülüstan, 1828 - ci il Türkmənçay müqaviləsindən sonra Çar Rusiyası tərəfindən köçürülüb, İran, Türkiyə, Suriya ərazisindən gəliblər. 1918 -ci ildə də Çar Rusiyası, Sovet Rusiyası dünyanın o vaxtkı güclərinin dəstəyi ilə Azərbaycan ərazisində Ermənistan dövləti yaradıb. Ermənilər nə 1905 - 07 - ci illərdə, nə 1918 -ci ildə, heç bir zaman üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər. Son 35 ildə biz dəfələrlə danışıqlarda gördük ki, yalan danışırlar. Hakimiyyətin, sistemin dəyişməsinə baxmayaraq, onların bu addımları dəyişməyib. Ona görə də, Azərbaycan xalqı olaraq, inanmırıq və məsələnin birdəfəlik həlli üçün Qazaxdan Naxçıvana kimi Ermənistan ərazisində bir bufer zonanın yaradılmasını təklif etmişik. Yoxsa Ermənistanla sülh şəraitində yaşamaq çox çətin və mümkünsüzdür. Ermənilər hələ də öz xəstə idealarından sağalmayıblar. 44 günlük müharibədən sonra düşünürdük ki, onlar artıq bir nəticə çıxaracaqlar. Çünki iqtisadiyyatlarına da böyük zərbələr dəydi. 30 ildən artıqdır ki, xəstə təfəkkürün daşıyıcısı olaraq boş idealar arxasına düşdülər. Aldıqları silahlar hamısı ianə, yardım və kreditlərlə alınmış silahlar idi. Bu kreditləri də hələ tam ödəməyiblər. Onun əvəzinə zavodlarını, fabriklərini Rusiyaya uzunmüddətli icarəyə veriblər. İnsan resurslarını itirdilər, iqtisadiyyatlarına böyük zərbələr dəydi. 44 günlük müharibədən sonra gözlədik ki, bəlkə 10 noyabr bəyanatının şərtlərini yerinə yetirərlər. Amma heç bir gözləntimiz reallaşmadı. Bütün bunlara da bir müddət İran, sonra isə Fransa və Amerika mane olmağa başladı. Eyni zamanda Amerika ilə Fransa Ermənistanı dəstəkləyir və Türkiyəyə, Rusiyaya, Azərbaycana qarşı təhdid vasitəsi kimi istifadə edir. Fransa hər zaman olduğu kimi öz riyakar siyasətini davam etdirir və Azərbaycana qarşı Ermənistandan istifadə edərək, Cənubi Qafqaza yerləşmək istəyir. Afrikada itirdiyi mövqeləri Cənubi Qafqazda bərpa etməyə çalışır. Amerika da istəmir ki, bu məsələlər yekunlaşsın. Bütünlükdə Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq istəyir və Ermənistandan da öz maraqları üçün istifadə edir. Ermənistan hakimiyyəti isə dünyanın müxtəlif dövlətləri ilə əməkdaşlıq edərək, Rusiyanı bölgədən çıxarmaq istəyir və ard - arda böyük səhvlər edir. Cənubi Qafqazı münaqişə zonasına yox, əməkdaşlıq zonasına çevirmək lazımdır. Ermənistan isə bunu başa düşmür. Böyük səhvlər etdiyinə görə də cəzalandırıldı. İndi də səhv etsə, Azərbaycan tarixi torpaqlarını azad edəcək. 1920 - ci ildə Zəngəzur, 1918 - ci ildə isə İrəvan Ermənistana verilib. Bütün bunları Fransa, Amerika, Rusiya bilir və arxivlərdə də o xəritələr var. Ona görə də, Ermənistan bu dəfə müharibəyə başlasa, varlığı sual altına düşəcək. Ağlını başına yığsın və prosesi öz intiharına gətirib çıxarmasın”.
Məhəmmədəli QƏRİBLİ