Ermənistan KTMT-ni “sökür”, Rusiya hələ səssizdir...
Elxan Şıxəliyev: “Onlar Gürcüstana, Moldavaya, Ukraynaya da eynisini deyib, arxasından qaçmışdılar”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Belarusda keçiriləcək sammitində iştirak etməyəcək.
Bildirilir ki, Belarus tərəfinin təşəbbüsü ilə Mirzoyanla onun belaruslu həmkarı Sergey Aleynik arasında telefon danışığı olub. Mirzoyan qeyd edib ki, noyabrın 22-də Minskdə keçiriləcək Xarici İşlər, Müdafiə nazirlikləri və KTMT Təhlükəsizlik Şurası katiblərinin birgə iclasında iştirak edə bilməyəcək. Ermənistan MN isə rəsmi açıqlamasında sammitə müdafiə naziri Suren Papikyanın da qatılmayacağını elan edib. Artıq necənci dəfədir ki, Ermənistan KTMT-ni boykot edir. Belə ölkəni niyə birdəfəlik KTMT-dən qovmurlar? Belə addımlar Ermənistanın KTMT-dən çlxarılması ilə nəticələnə bilərmi?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, Ermənistan 44 günlük müharibədən sonrakı bütün nəticələrdə günahı Rusiyada gördü və bu ölkəni açıq ittiham etməyə cəsarət etdi: “Xüsusən də, Rusiyanın başçılıq etdiyi qurum olan KTMT 44 günlük müharibədə Ermənistanın təhlükəsizliyini təmin etmədi. Artıq informasiya cəbhəsində Ermənistan-Rusiya münasibətləri müharibə vəziyyətindədir. Bir az da Ermənistanı buna cəsarətləndirirlər. Əsas da Avropa İttifaqına daxil olan ölkələr, ABŞ Ermənistanı aid olduğu bütün qurumlardan qoparıb, Avropa İttifaqına aid olan qurumlara inteqrasiyaya təhrik edirlər. Ermənistan da buna özünü inanmış göstərir. Onun qarşısına qoyduqları şərt bundan ibarətdir ki, MDB, KTMT və digər qurumlardan çıxandan sonra NATO-ya üzv olsun. Ermənistan da bu yolla gedir və ona görə də, KTMT - dən çıxmaq üzərinə addımlar atmaq istəyir. KTMT də MDB - nin hərbi qanadıdır. Özünün gələcəkdə ola biləcək vəziyyətinə görə tam da KTMT - dən çıxmağa cəsarət etmir. Çünki bunu demiş olsa, Rusiyadan ona qarşı təhlükə yaranacaq. İkili oynayır və təbii ki, Rusiya ilə münasibətində eyni ilə Gürcüstan, Moldova, Ukraynanın getdiyi yolu gedir. İndi Ermənistan mərhələ - mərhələ bu iclaslara qatılmayaraq, KTMT - nin təlimini öz ərazisində keçirməyə imkan verməyərək, de-fakto KTMT - də deyil, de-yure onun orda olması hələ ki, gözlənilir. Ermənistanın özünü Avropa İttifaqı yönündəki inteqrasiyaya yönəltdiyi görünür. Buna da onu bir az təhrik edirlər. Xüsusən də Avropa İttifaqının 200 nəfərlik nümayəndəsi, Qərbdəki müttəfiqləri Ermənistana bildirir ki, KTMT - dən çıxmaqdan qorxma, arxanda biz varıq. Ancaq onlar Gürcüstana, Moldavaya, Ukraynaya da eynisini deyib, arxasından qaçmışdılar. Düşünmürəm ki, Rusiya Ermənistanın nazı ilə çox oynayacaq. Rusiyanın atacağı addımların indiyə kimi tarixdə nümunələri var. Bu davranışına görə Rusiya Ermənistanı cəzalandıracaq. Ermənistanın artıq KTMT - də olub-olmaması KTMT üçün heç nəyi dəyişməyəcək. Amma KTMT - də olmaması Ermənistan üçün çox şeyi dəyişəcək. Coğrafiya üzərindən geosiyasi və geostrateji maraqların kəsişməsi bölgəsinə çevriləcək. Xüsusən də, Şimali Atlantika Alyansına daxil olan ölkələrin siyasi və strateji maraqları ilə Rusiyanın maraqları Ermənistan üzərindən ciddi ziddiyət təşkil edən məqama gələcək. Ermənistan növbəti mərhələdə poliqona çevrilmə ehtimalını özü indidən yaradır”.
Məhəmmədəli QƏRİBLİ