AŞPA nümayəndəsi Bakıda mina qurbanlarına qarşı mənəvi cinayət törətdi...
Azər Həsrət: “Avropa Şurası Parlament Assembleyasının məruzəçisi mina qurbanları ilə görüşməyə borcludur”
Məlum olduğu kimi, mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koksa birgə müraciət ünvanlayıblar.
Müraciətdə qeyd edilir: “Biz – Ermənistanın və onun hərbi birləşmələrinin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, Avropa Şurası Parlament Assambleyasının Prezidenti cənab Tini Koksa, AŞPA deputatlarına Açıq Məktubla müraciət edirik. Biz bu günlərdə Bakıda səfərdə olmuş AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə, onların ailə üzvləri, mina problemi üzrə ixtisaslaşmış QHT-lərlə görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik. AŞPA kimi özünü insan hüquqları təsisatı adlandıran bir təşkilatın bəzi dövlətlərin, dairələrin əlində oyuncağa çevrilməsini qəti şəkildə pisləyirik. Azərbaycanın hazırda ən böyük problemi olan mina məsələsinə bu cür münasibət bəsləyən, bu barədə susan, mina qurbanları ilə görüşməyə üzü olmayan təşkilat xəcalət çəkməlidir”.
Maraqlıdır, AŞPA məruzəçisinin mina qurbanları ilə görüşdən imtina etməsi nə dərəcədə humanist, insani, obyektiv bir mövqe sayıla bilər?
“AŞPA-nın nümayəndəsi tək mina qurbanları ilə deyil, Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla da görüşməyib”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Avropa Şurası Parlament Assembleyasının məruzəçisi mina qurbanları ilə görüşməyə borcludur. Bu onların təlimatında da var: “AŞPA-nın görüşlərlə bağlı seçim etməsi onların qeyri-obyektiv hesabat hazırlayacağı deməkdir. Obyektivlik üçün bütün maraqlı tərəflərin mövqeyi öyrənilməli, qeyd edilən kateqoriya ilə görüşülməli idi. Təəssüflər olsun ki, AŞPA məruzəçisi mina qurbanları ilə görüşdən imtina edib. AŞPA-nın nümayəndəsi tək mina qurbanları ilə deyil, Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla da görüşməyib. Azərbaycanda insan haqları araşdırılırsa, bununla bağlı hesabat hazırlanırsa onlarla da görüşmək lazım idi. Ancaq bu görüşlərdən yayınırlar”.
Həmsöhbətimiz hesab edir ki, AŞPA-nın məruzəçisi Azərbaycana “xala-xətrin qalmasın” prinsipi ilə gəlir. Onlar Azərbaycana gələn zaman şəkil çəkdirib yayırlar. Bunu etməkdə məqsədləri isə dünya ictimaiyyətinin diqqətini əsl mətləbdən yayındırmaqdır.
Günel CƏLİLOVA