Ermənilər Hadrutdakı alban kilsəsini də "özəlləşdirdilər"...
Faiq Ələkbərli: “Azərbaycan tərəfi əvvəllər də, indi də qədim abidələri bərpa edir, qoruyur”
Bir neçə gündür erməni mediası Hadrut ərazisində olan kilsənin dağıdılması ilə bağlı hay-küy salıb. Halbuki, "Surb Sarğis kilsəsi" kimi qələmə verilən qədim Alban kilsəsinin ermənilərə heç bir aidiyyəti yoxdur.
Ermənilərin iddia etdikləri, guya erməni kilsəsi olan bu qədim Alban məbədi Tuğ kəndinə aid olan Susanlıq kəndində yerləşir. Bu kəndin əhalisinin Rusiya və Sovet dövründə çoxunu Cənubi Azərbaycandan bura köçmüş Zuzanlı tayfası təşkil edib. Zuzandan gələnlər zuzanlı kimi də tanınır bu kənd, sonradan Susanlıq adı alıb.
“İkinci Qarabağ müharibəsindən sonra ermənilər azad edilən ərazilərdə abidələrin dağıdılması ilə bağlı yanlış məlumatlar yaymaqla məşğuldurlar”
"Surb Sarğis kilsəsi" kimi qələmə verilən qədim Alban kilsəsi barədə həqiqətləri AMEA əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Bakı-Xəbər”ə danışdı.
F.Ələkbərli qeyd etdi ki, erməni mediası tərəfindən Azərbaycandakı xristian abidələrinin dağıdılması və ya haylara məxsus olması ilə bağlı yanlış məlumatlar yayılmaqdadır. Bu kimi informasiyalar həqiqəti əks etdirmir: “Azərbaycan ərazisindəki xristian abidələri məhz albanlara məxsusdur. Yəni azərbaycanlıların əcdadı olan albanlara aiddir. Hadrut ərazisində olan "Surb Sarğis kilsəsi" də albanlarla bağlıdır. Vaxtilə Azərbaycan ərazisində xristianlıq yayılmışdı. Azərbaycanlıların əcdadlarının bir qismi bu dinə qulluq edən zaman müəyyən kilsə və ya abidələr inşa etmişdilər. Haylar isə həmin əraziyə çox sonralar gəlib. Çar Rusiyası dövründə adıçəkilən ərazidə məskunlaşan haylar həmin abidələri mənimsəyib. Heç bir əsas olmadan həmin abidələri qədim dini abidə kimi qəlmə verirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər azad edilən ərazilərdə abidələrin dağıdılması ilə bağlı yanlış məlumatlar yaymaqla məşğuldur. Danılmaz faktdır ki, Azərbaycan tərəfi əvvəllər də, indi də qədim abidələri bərpa edir, qoruyur: “Azərbaycan heç vaxt tarixi abidələrə toxunmayıb. O abidələr Azərbaycan xalqına aid olduğu üçün yüksək səviyyədə qorunur. Ermənilərin hər hansı bir uydurması boş şoudan ibarətdir”.
Günel CƏLİLOVA