"Ermənistanın KTMT-ni boykot etməsi erməni xalqının maraqlarına cavab vermir" - Zaxarova
Ermənistan rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minsk görüşündə iştirakdan imtina etməsi erməni xalqının maraqlarına cavab vermir.
Trend çərşənbə günü xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bugünkü brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bu qərarı təəssüf doğurur.
"Ermənistan rəhbərliyinin KTMT-nin birgə iclasında iştirak etməmək qərarı əlbəttə ki, təəssüf doğurur. Biz bunun erməni xalqının uzunmüddətli maraqlarına cavab verdiyini hesab etmirik", - o deyib.
Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də KTMT-nin iclasında iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv KTMT-nin Minsk görüşündə iştirak etməyəcəklərini bildiriblər.