Qəzzada nəhəng qaz yatağı - Yaxın Şərqdə tarazlığı dəyişəcək şok iddia... ABŞ hərəkətə keçdi...
Qəzzada İsrail-HƏMAS qarşıdurması artıq 6 həftədir davam edir. Hücumların ilk günlərində İsrailə gedən və dəstəyini yerindəcə çatdıran ABŞ prezidenti Bayden bu ölkəyə milyonlarla dollar dəyərində hərbi dəstək paketi ayırıb.
ABŞ-ın İsrailə heç bir məhdudiyyət tanımadan hər cür dəstək təklif etməsi fonunda maraqlı, həm də Yaxın Şərqdə tarazlığı dəyişəcək bir iddia ortaya atılıb.
İddialara görə, İsrailin ən böyük dəstəkçisi olan ABŞ əslində Qəzzada “Gaza Marine” yatağında tapılan təbii qaza görə bölgədədir. İsrailin “Haaretz” qəzeti də ABŞ-ın Qəzzadakı enerji qaynaqlarının marağında olduğunu iddia edib.
Qeyd edilir ki, ABŞ prezidentinin müşaviri artıq bununla bağlı işə başlayıb və İsrailə səfər edib.
Xəbərdə İsrailin Qəzza sahillərində qaz yatağının işlənməsinə iyun ayında ilkin icazə verdiyi, lakin bunun üçün Fələstin rəhbərliyi və Misirlə təhlükəsizlik üçün koordinasiya tələb edildiyi xatırladılıb.
İddialara görə, Hokşteyn bölgəyə səfəri zamanı fələstinlilər adından “dəniz qaz yataqlarının işlənməsi imkanını” da müzakirə edib.
Hesablamalara görə, Qəzzadan 20 mil uzaqlıqda yerləşən “Gaza Marine” təbii qaz kəşfiyyat yatağında 1 trilyon kub fut təbii qaz var və bu rekord miqdar təkcə Fələstini enerji ilə təmin etməklə yanaşı, emal olunarsa ixrac da edilə bilər.
“Gaza Marine” qaz yatağı ilə bağlı “The National”a danışan Hokşteyn, fələstinlilər adına onu inkişaf etdirmək imkanlarının olduğunu ifadə edib: “Bu dəhşətli müharibə bitən kimi burada işləmək istəyən şirkətlər var”.
Hokşteyn bildirib ki, bölgədəki qaz Fələstin hökuməti üçün gəlir mənbəyi və müstəqil enerji sistemi ola bilər. Hokşteynin sözlərinə görə, İsrail qazın çıxarılmasına və emalına “100 faiz” icazə verəcək.
"Mən çox əminəm, verməmələri üçün heç bir səbəb yoxdur. Qaz onlara deyil, Fələstin xalqına məxsusdur" – Baydenin müşaviri deyib.
TAHİR