Daşkəsəndə faciə ərəfəsi - altı ailə üçmərtəbəli binanın altında qala bilər...
Elxan Əliyev: “Daşkəsəndə altı ailənin yaşadığı üçmərtəbəli bina artıq qəzalı binaların siyahısına salınıb, bina qəzalı vəziyyətə salınıbsa…”
Daşkəsəndə altı ailənin yaşadığı üçmərtəbəli bina qəzalı vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, binada üç il əvvəl çatlar əmələ gəlib və getdikcə vəziyyət daha da təhlükəli olub.
Rayon mərkəzindəki bina beş ay əvvəl güclü yağışlar nəticəsində yarıuçmuş vəziyyətə düşüb. Sakinlər divarlarlarda çatların böyüklüyü səbəbindən mənzillərində gecələməyə qorxurlar. Bu səbəbdən mənzilini tərk etməli olanlar da var.
“Xoşagəlməz hadisələrin yaşanmaması üçün aidiyyəti qurumlar binanı ya təmir etməli, ya da sakinlərin mənzil problemini həll etməlidir”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sovet dövründə tikilən binalar standart layihələrlə inşa olunmaqla bərabər, tikilərkən istismar müddətinin bitəcəyi zaman da nəzərə alınırdı: "Məsələn, 1960-cı ildə inşa olunmuş "xruşşovka" layihəli binanın istismar müddətinin 2010-cu ildə bitəcəyi qeyd olunurdu. Yəni daşdan tikilmiş 5 mərtəbəli bir yaşayış binasına 50 il istismar müddəti verilirdi. Binanın istismar müddəti təkcə daş və suvaq hissələrinin köhnəlməsi ilə deyil, həmçinin onun zirzəmisi, bünövrəsi, şaxtaları, eyvanlar, pilləkənlər, havalandırma sistemləri, elektrik və digər əsas daşıyıcı kommunal xətlərinin köhnəlməsi ilə hesablanır. Daşkəsəndə altı ailənin yaşadığı üçmərtəbəli bina artıq qəzalı binaların siyahısına salınıb. Bina qəzalı vəziyyətə salınıbsa aidiyyəti qurumlar bu məsələni dərhal nəzarətə götürməlidir. Qəzalı bina o deməkdir ki, sakinlərin həyatı təhlükədədir. Binalara cavabdeh olan qurumlar binanın uçma, dağılma təhlükəsi olan risqləri vaxtında aradan qaldırmalıdır. Bütün texniki təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tikilidən tökülən daş-kəsək insanların həyatı üçün risqdir. Təhlükəli vəziyyətlər aradan qaldırılmayanda bədbəxt hadisələr qaçılmaz olur. Xoşagəlməz hadisələrin yaşanmaması üçün aidiyyəti qurumlar binanı ya təmir etməli, ya da sakinlərin mənzil problemini həll etməlidir”.
ƏLİ TURABOV