Senatın Azərbaycana qarşı S.3000 qanunu necə dəyişdirilə bilər...
Sahil Kərimli: “ABŞ kimi ölkə belə təsir dairəsinə düşməsəydi daha yaxşı olardı”
ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib.
Bu barədə ABŞ Senatının saytında bildirilir. Qanun Azərbaycanla bağlı 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur ki, bu da ölkəyə qarşı dostcasına olmayan addımdır.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib.
907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır.
Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.
ABŞ-ın bu addımı ilə bağlı mövqeyini açıqlayan siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-ın Azərbaycana qarşı tutduğu əsassız və qərəzli mövqe yolverilməzdir, Azərbaycan tərəfindən qəbuledilməzdir: “Məlum olduğu kimi, noyabr ayının 20-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Amerikanın vasitəçiliyi ilə bu ölkədə görüşü nəzərdə tutulurdu. Azərbaycan tərəfi qətiyyətli addım ataraq, o görüşdən imtina etdi. Təbii ki, Azərbaycan tərəfi bu görüşdən imtina etməklə, öz haqlı və qətiyyətli mövqeyini ortaya qoydu. Azərbaycan dövləti uzun müddətdir ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində çox ciddi addımlar atır. Biz öz ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonra, antiterror əməlliyatlarından bu günə kimi sakitlikdir, sabitlikdir. Azərbaycanla Ermənistan sərhədində də nisbi sakitlik davam edir və heç bir hərbi gərginlik yoxdur. Bu isə o deməkdir ki, biz istədiyimiz kimi Cənubi Qafqazda sülh və təhıükəsizliyə nail olmuşuq. Bir o qalır ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayaraq, bu təhlükəsizliyin möhkəmlənməsinə şərait yaratsın. Təəssüf ki, bu gün Ermənistan öz havadarlarına arxalanaraq, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Bu da, təbiidir ki, bölgədə sülhə və təhlükəsizliyə çox ciddi təhdiddir. O ki qaldı ABŞ-ın bu mövqeyinə, burada Azərbaycana qarşı əssasız sənədlər qəbul edilməsi, yardımların dayandırılması məsələsi də nəzərdə tutulur. Bu da ABŞ-ın, Qərbin ikili standartlar, riyakar siyasətinin nəticəsidir, Azərbaycanın haqlı və ədalətli mövqeyinə vurulan bir zərbədir. Bəllidir ki, belə davam edərsə, Azərbaycan ABŞ-ın danışıqlarda olan vasitəçiliyindən imtina edə bilər. Bu da Amerikanın siyasi dairələrinin düzgün olmayan siyasət həyata keçirməsinin nəticəsi kimi qəbul olunacaq. ABŞ uzun müddətdir ki, bu düzəlişi bizə təzyiq rıçaqı kimi əlində saxlayır. Ən maraqlısı budur ki, bu düzəliş bizim ərazilərimiz işğal altında olanda qəbul edilmişdi. Onlar çalışırdı ki, biz zəif olaq və ərazilərimizi işğaldan azad edə bilməyək. Ancaq biz qüdrətli ordumuzun köməyi ilə ərazilərimizi işğaldan azad etmişiksə, bundan sonra belə düzəlişin bizə hansısa təsiri olmayacaq. Azərbaycan ABŞ-la çox ciddi sahələrdə əməkdaşlıq edir. Belə qərəzli mövqe bir sıra istiqamətlərdəki əməkdaşlığa son qoya bilər. Bunun da ziyanı yalnız bizə deyil, həm də ABŞ-a olacaq. Təbiidir ki, belə qərəzli layihələrin bizə tətbiqində ABŞ-dakı erməni lobbisinin ciddi təsiri var. Ancaq ABŞ kimi ölkə belə təsir dairəsinə düşməsəydi daha yaxşı olardı”.
Məhəmmədəli QƏRİBLİ