Betonqarışdıranlar Binəqədi "73-cü korpus" sakinlərinin rahatlığını pozub...
Paytaxt yollarının çirklənməsində və sıradan çıxmasında betonqarışdıran yük avtomobillərinin rolu az deyil. Tökülən beton asfalt örtüyünə yapışaraq onu sıradan çıxarır. Bu hal ilk növbədə betonqarışdıran maşınların hərəkət etdiyi yol boyu yaşayan sakinlərin haqlı narazılığına səbəb olur.
Bu günlərdə Binəqədi qəsəbəsi, İkinci mədən küçəsi, “73-cü korpus” adlanan ərazinin sakinləri betonqarışdıran maşınlara görə yolu bağlayıblar. Sakinlər qeyd edir ki, günün 24 saatı betonqarışdıran maşınlar ərazidən keçir: “Nə gecəmiz, nə gündüzümüz var. Evdə körpə uşaqlarımız var, gecələri bu maşınların səsindən yata bilmirlər. Toz-torpağın içində qalmışıq”.
Binəqədi RİH: “Problemin həll olunması istiqamətində tədbirlər görüləcək”
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən “Bakı-Xəbər”ə bildirildi ki, məsələ nəzarətdədir: “Problemin həll olunması istiqamətində tədbirlər görüləcək, bununla bağlı müvafiq qurumlara məlumat veriləcək”.
Elxan Əliyev: “Betonqarışdıran maşınların gecə-gündüz eyni yoldan istifadə etməsi həmin yolun çökməsinə səbəb olacaq”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ağır tonnajlı yük maşınları yalnız gecə saatlarında hərəkət etməlidir: “Təəssüf ki, bəzi şirkətlərə məxsus daşıyıcılar günün istənilən vaxtında məhəllə arası yollardan istifadə edir. Təbii ki, bu da həmin ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur. Betonqarışdıran maşınların gecə-gündüz eyni yoldan istifadə etməsi həmin yolun çökməsinə səbəb olacaq. Həmçinin, təhlükəsizlik baxımından da bu nəqliyyat vasitələrinin məhəllə arası yollara yaxın yerdə hərəkət etməsi düzgün deyil. Nəzərə almaq lazımdır ki, yaşayış məhəlləsinə yaxın yerdə ağır tonnajlı maşınların günün istənilən vaxtında hərəkət etməsi yol qəza hadisələrinin baş verməsinə səbəb ola bilər. Bu məsələ aidiyyəti qurumların nəzarətinə götürülməlidir. Sakinlərin rahatlığı üçün sürücülərə alternativ yol təklif olunmalıdır”.
Günel CƏLİLOVA