Ermənistan Azərbaycandan 170 kv.km ərazi iddiasını ortaya qoydu...
Emin Həsənli: “Ermənistanın ortaya atdığı 31 kənd iddiası cəfəngiyatdır və heç bir reallığa əsaslanmır”
Ermənistan Baş nazirinin Aparatı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan 31 kəndin xəritəsini yayıb.
Ermənistan həmin kəndlərin guya Azərbaycanın işğalı altında olduğunu iddia edir. Xəritədə əksini tapan yaşayış məntəqələrinin ümumi sahəsinin 170 kv.km. təşkil etdiyi bildirilir. Əslində isə Ermənistanın heç bir kəndi Azərbaycan Ordusunun işğalı altında deyil. Rəsmi İrəvan bu məlumatı yaymaqla Azərbaycan silahlı qüvvələrinin Ermənistanla şərti sərhəddə yerləşən strateji yüksəkliklərdən geri çəkilməsini istəyir.
Ermənistan Baş nazirinin Aparatının yaydığı dezinformasiyanı Azərbaycana qarşı növbəti ərazi iddiası saymaq olarmı?
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan nə istədiyini bilmir, çünki müstəqil siyasət aparmağa qadir deyil: “Paşinyan Fransadan, erməni diasporundan, kilsədən, daxildən, bir çox təsirlərdən asılı vəziyyətdədir. O hələ də xəstə ideyalarından əl çəkə bilmir. Bir tərəfdən açıqlamalara baxanda düşünürsən ki, artıq Ermənistan hakimiyyəti reallığı başa düşüb, real qərar vermək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Paşinyanın Türkiyə prezidentinin andiçmə mərasiminə getməyi, xarici işlər nazirinin Antalyada diplomatik forumda iştirakı, ardınca Azərbaycanla təmasları genişləndirmək istəməsi, sülh imzalamaq və 8 kəndi Azərbaycana qaytarmaq istəməsi onların düzgün yola gəldiklərindən xəbər verirsə, digər tərəfdən də Fransa, Hindistandan silahlar alması, sərsəm açıqlamalar verməsi onun öz işğalçı, nadan yolundan dönmədiyini göstərir. Bu proseslər onu göstərir ki, Ermənistan hakimiyyətində bir neçə fikir var. Ermənistan hakimiyyəti sanki çevriliş olacağından, həyatlarına qəsd olacağından qorxur. Paşinyan hakimiyyətə gəlməzdən qabaq jurnalist kimi “Qarabağ Azərbaycanındır” kimi fikirlər yazırdı. Hakimiyyətə gəldikdən sonra isə öz oğlunu Qarabağa xidmətə yolladı. Özü isə Şuşada sərxoş olaraq, yersiz hərəkətlər edirdi. Xankəndidə mitinqdə iştirak edərək, “Qarabağ Ermənistandır” fikrini irəli sürmüşdü. Yəni onun hərəkəti ilə sözləri heç cür uyğun gəlmir. Paşinyan bununla da sülh istəmədiyini bir daha sübut edir. Bəzi dairələr ona maliyyə yardımı edərək, qarşılığında guya bölgədə sülhün olmasını istəyirlər. Eyni zamanda əsgər valideynləri və xalq da narahatdır, onlar müharibə istəmirlər. Xalqın bir qrupu və Ermənistan hakimiyyəti Azərbaycanın nə qədər güclü olduğunu bilir. Ermənistan ordusunun məğlubiyyəti göz qabağındadır. Ona görə də belə vəziyyətdə müharibənin davam etməsini istəmirlər. Bu cür sərsəm açıqlamalar da hər iki tərəfi narahat edir. Ancaq bu da davamlı ola bilməz. Konkret addımlar atılmalıdır. Zəngəzur dəhlizini açıb, bölgədə normal münasibət qura bilərlər. Geci-tezi var. Bir müddət sonra Azərbaycan özü onları sülhə məcbur edəcək. Ermənistanın ortaya atdığı 31 kənd iddiası cəfəngiyatdır və heç bir reallığa əsaslanmır. Əksinə, onlar bizim 8 kəndimizi geri qaytarmaq barədə öhdəlik götürüblər ki, buna da əməl etməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ