Berlin formatının ilk nəticəsi - Fransanın “erməni siyasəti” daha bir zərbə aldı...
Tural İsmayılov: “Bu məsələdə Almaniyada keçirilən görüşlərin müstəsna əhəmiyyəti var”
Xəbər verildiyi kimi, fevralın 28-də Ermənistanda saxlanılan əsgər Ruslan Pənahova qarşı cinayət təqibi dayandırılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaq nəticəsində əsgər Pənahovun yolunu azaraq erməni mövqeləri yaxınlığına gəlməsi barədə faktiki sübutlar əldə edilib və beləliklə, cinayət işinə xitam verilib. Hazırda əsgərin Azərbaycana qaytarılması ilə bağlı Bakı və İrəvan arasında razılıq əldə olunub.
O da var ki, bu qərar Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra verilir. Maraqlıdır, əsgərimizin azad olunmasını Almaniyanın təşəbbüsü ilə başlanmış müəyyən qədər sülh prosesinin təsiri hesab etmək olarmı? Hesab etmək olarmı ki, Almaniyanın vasitəçiliyi artıq nəticə verməyə başlayır və Berlin Ermənistana Fransadan fərqli olaraq müəyyən müsbət təsirlər göstərə bilir? Hesab etmək olarmı ki, belə gedişlə Almaniya Fransanı üstələyəcək və Parisin, Makronun burun soxmaq perspektivlərini tamamilə aradan qaldıracaq?
“Parisin prosesə müdaxilə etmək cəhdləri var, amma düşünmürəm ki, Berlin buna icazə versin”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, əsgər Ruslan Pənahovun qaytarılacağı müəyyən qədər gözlənilən idi: “Çünki çətin coğrafi relyefdə, iqlim şəraitində daha əvvəl dəfələrlə erməni hərbçilər də yolu azıb Azərbaycan tərəfə keçib. Buna baxmayaraq, Azərbaycan onların gösdərdiyi şounu, tamaşanı etməyib. Danışıqlar çərçivəsində yolunu azan erməni əsgərləri geri qaytarıb. Bundan əvvəl Hüseyn Axundov, Aqşin Bəbirov məsələsində Ermənistan saxta bir tamaşa qurdu, məhkəmə şouları yaratdı. Nəticədə gördük ki, Ermənistan sülhdən danışsa da bəzi məsələlərdə kompromisə gələ bilmir. O baxımdan onsuz da Ruslan Pənahov azad olunmalı idi. Yolunu azmış əsgərə qarşı qondarma cinayət işinin açılmasının axırı yox idi. Ancaq istənilən halda, bu məsələdə Almaniyada keçirilən görüşlərin müstəsna əhəmiyyəti var. Bu, onu göstərir ki, Almaniyada əsgərin qaytarılması ilə bağlı ən yüksək səviyyədə narahatlıq var. Bu da o deməkdir ki, Azərbaycan Prezidenti hər bir ölkə vətəndaşının taleyi ilə yaxından maraqlanır. O üzdən, əsgərimizin geri qaytarılması birbaşa dövlət başçısının səyi və qətiyətidir. Ancaq o da bir gerçəklikdir ki, Almaniya Fransadan fərqli olaraq bölgəyə daha obyektiv, dürüst və bitərəf yanaşa bilir. Bütövlükdə, Fransadan fərqli olaraq, Almaniya Qərbdə bu məsələlərə daha normal mövqedən yanaşmağı bacara bilən bir ölkədir. Bəli, Fransanın prosesə müdaxilə etmək cəhdləri var, amma düşünmürəm ki, Almaniya buna icazə versin. Çünki Almaniyanın da öz maraqları var”.
Vidadi ORDAHALLI