Ermənilərin girov götürdüyü əsgərimiz Bakıya gətirildi - İlk GÖRÜNTÜLƏR
Bir neçə gün əvvəl Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Vətənə qaytarılıb.
R. Pənahov martın 5-də təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib.
Aeroporta jurnalistlərə açıqlama verən Ruslan Pənahov qeyd edib: “Vətənə qayıtmaq çox yaxşı hissdir. Hazırda səhhətim normaldır. Özümü yaxşı hiss edirəm”.
R.Pənahov onu Vətənə geri qaytardığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib. “Mən bilirdim ki, Prezident İlham Əliyev məni xilas edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı. Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirmişdi.
Pənahov Ruslan Eldəniz oğlu haqqında Ermənistan İstintaq Komitəsi tərəfindən "təxribata cəhd", "qanunsuz silah-sursat saxlama", "irqi və dini dözümsüzlük zəmnində adam öldürməyə cəhd" maddələri ilə cinayət işi açılsa da, sonradan İrəvan Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma ilə azan hərbi qulluqçu Ruslan Pənahovun tez bir zamanda Azərbaycana təhvil verilməsinə qərar verib.
TAHİR