Vahid Ələkbərovun sərvəti iki ayda 1,51 milyard dollar artaraq 26 milyardı ötdü...
Rusiyanın ən varlı adamlarının ümumi sərvəti yalnız 2024-cü ilin yanvar-fevral dövründə 11,084 milyard dollar artıb. “Bloomberg”in Billionaires Index araşdırmasına görə, bu ilin ilk iki ayında sərvəti ən çox artan rusiyalı milyarder “Yevrohim” və SUEK şirkətlərinin sahibi Andrey Melniçenko olub.
Melniçenkonun sərvəti 3,86 milyard dollar artaraq 22,7 milyard dollara yüksəlib və rusiyalı milyarderlər siyahısında altıncı yerə yüksəlib.
Şirkətlərin səhmlərinin dəyərinin artmasına görə dünyanın 500 ən varlı adamı siyahısına 26 Rusiya vətəndaşı daxil edilib.
2024-cü il martın 1-nə görə, Rusiyanın 26 ən zəngin adamının ümumi sərvəti 345,11 milyard dollar təşkil edir.
Rusiyanın ən zəngin milyarderləri siyahısında birinci yerdə olan Vladimir Potaninin (Nornikel şirkəti) sərvəti iki ayda 37,1 milyon dollar azalaraq 31 milyard dollara düşüb.
“Novatek”in sahibi Leonid Mihelsonun sərvəti 710 milyon dollar azalaraq 26,8 milyard dollar olduğu halda, “Lukoyl”un sahibi Vahid Ələkbərovun sərvəti 1,51 milyard dollar artaraq 26,2 milyard dollar olub.
Tahir TAĞIYEV