Borrell Zəngilan təxribatını ermənilərin törətdiyini əslində faş etdi...
Qulamhüseyn Əlibəyli: “Belə qərəzli münasibət Bakının sülhlə bağlı təkliflərini blokadaya almaq cəhdidir”
Sərhəddə Ermənistan tərəfinin Azərbaycan hərbçilərinə atəş açması təəssüf doğursa da, Azərbaycan tərəfinin cavabı da qeyri-mütənasib olub.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
Borrell əlavə edib ki, Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin insidentin ətraflı araşdırılacağı ilə bağlı bəyanatlarına məhəl qoymur. Bu, Avropa İttifaqının uzun müddətdir lehinə danışdığı hər iki tərəfdən silahlı qüvvələrin təcili şəkildə uzaqlaşdırılmasının zəruriliyini bir daha nümayiş etdirir. O, Avropa İttifaqının ölkələrin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə sadiqliyini bir daha təsdiqləyib.
Bu, bir daha Borrellin necə qərəzli olduğunu və proseslərə birtərəfli yanaşdığını göstərir. Yeri gəlmişkən, Azərbaycan XİN-i Borrellin səsləndirdiyi fikirlərə münasibət bildirərək ölkəmiz əleyhinə əsassız iddialarını pisləyib: “Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir”.
“Borrellin Azərbaycan tərəfinin cavab tədbirlərini qeyri-mütənasib adlandırması həyasızlığın son həddidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, bütün bunlar Borrellin əsl simasını göstərir: “Borrellin mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycana qarşı onun necə qərəzli olduğunu bir daha göstərdi. Bu, birtərəfli, ermənipərəst mövqe tutmasının təzahürüdür. Son nəticədə təcavüzkar Ermənistanı şirnikləndirmək, onu həvəsləndirmək məqsədi daşıyan fikirlərdir. Hamıya məlumdur ki, Azərbaycan əsgəri snayper atəşi ilə yaralanıb və ordumuz da bununla bağlı cavab tədbirləri görüb. İstənilən ölkədə əsgər hücuma məruz qalırsa, cavab atəşi açmağa məcburdur. Yoxsa cənab Borrellin xoşuna gəlsin deyə gözləyəsi deyil. Ordu hissələrinə haradan atəş açılmasından asılı olmayaraq həmin nöqtələr legitim hədəflər sayılır. O baxımdan Azərbaycan Ordusu da adekvat cavab verib və təxribatın genişlənməsinin qarşısını alıb. Ona görə də Borrellin Azərbaycan tərəfinin cavab tədbirlərini qeyri-mütənasib adlandırması həyasızlığın son həddidir. Biz nə etməli idik? Oturub baxmalıydıq? Belə qərəzli münasibət Bakının sülh prosesi ilə bağlı təkliflərini blokadaya almaq cəhdidir. O ki qaldı iki ordunun güya təmas nöqtələrindən geri çəkilməsi məsələsinin qoyulmasına, bu da əslində erməni siyasətinə xidmət edən məsələdir. Çünki bir müddət əvvəl ermənilər də bənzər təkliflə çıxış etmişdilər. Bu o deməldir ki, ordu birləşmələri geri çəkiləndən sonra sərhədçilərimiz Aİ-nin missiyası ilə üz-üzə qalacaq. Hamıya məlumdur ki, o missiya kəşfiyyatçılardan ibarətdir. Onlar isə ordumuz barəsində məlumatları toplayacaqlar. Digər tərəfdən bu, Ermənistan ordusunun hücumuna şərait yarada bilər. Ona görə də Borrellin dedikləri həm ermənipərəst mövqedir, həm də son nəticədə Şarl Mişelin vasitəçilik təşəbbüslərini heçə endirmək məqsədi daşıyır”.
Vidadi ORDAHALLI