"Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır" - Prezidentin köməkçisi
“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: “İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur”. H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”.
H.Hacıyev əlavə edib ki, sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməli və erməni xalqı da öz mövqeyini bildirməlidir: “Erməni xalqı Qarabağın Ermənistana birləşdirilməsi kimi utopik iddialarına son qoyduğunu, Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusional əsasda ifadə etməlidir.
Bundan sonra proses irəliyə doğru daha da sürətli şəkildə gedə bilər. Sülh müqaviləsinin mətni üzrə Ermənistanın təklifləri bu yaxınlarda Azərbaycan tərəfinə təqdim olunub və həmin təkliflərin göndərilməsi 70 gündən çox vaxt alıb. Bu, çox böyük bir vaxtdır. Ermənistan əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə maraqlıdırsa, 70 gün ərzində cavab göndərilməsi özlüyündə sual doğurur”.
Prezidentin köməkçisi vurğulayıb ki, sülh müqaviləsinin əksər hissələri üzrə müəyyən razılıqlar var, amma hələ də görülməli işlər var: "Bu ilk növbədə Ermənistan Konstitusiyası ilə bağlı olan məsələlərdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Azərbaycana qarşı ərazi iddialarının olması Azərbaycanı narahat edən bir məsələdir. Sülh müqavilələri, adətən, təkcə hansısa hökumətlə yox, eyni zamanda xalqla da imzalanır. Gözləntimiz ondan ibarətdir ki, sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilsin və erməni xalqı da öz mövqeyini bildirsin". H.Hacıyev, həmçinin bildirib ki, Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər:
“Belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır. Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil”.
Mətləb Salahov