Britaniyanın XİN rəhbəri Azərbaycanın Qarabağı işğaldan azad etməsini dəstəklədi
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” onlayn platformasında Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib. Trend xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib", - D.Lemmi qeyd edərək, Azərbaycanın 2023-cü ildə Qarabağda həyata keçirdiyi antiterror əməliyyatını qiymətləndirib.
Bu bəyanatdan sonra hələ də Ermənistanın məğlubiyyəti ilə barışmayan, öz miflərini dünya ictimaiyyətinə “satmağa” çalışan erməni revanşistlərinin vəziyyətini təsəvvür etmək çətin deyil.
D.Lemminin sözləri bir daha göstərir ki, dünya ictimaiyyəti Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul edir və ermənilər tərəfindən hadisələrin təfsiri onların özlərindən başqa heç kimi maraqlandırmır.
Beləliklə, ermənilər ümid bağladıqları aparıcı Qərb dövlətlərindən nə ilk, nə də ki, son olmayan daha bir zərbə alırlar.