Paşinyan KTMT-ni rəsmən Ermənistanın təhlükəsizliyinə təhdid adlandırdı... - Kremldən də dərhal reaksiya gəldi...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də qlobal erməni sammitində çıxışı zamanı söyləyib.
Ölkəsinin KTMT-də üzvlüyünü dondurduğunu xatırladan N.Paşinyan deyib: “Ermənistan KTMT-yə qayıtmağa cəhd edir, yoxsa qayıtmağı düşünür? Yalnız qaldırdığımız suallara konkret cavablar verilsə, KTMT-dəki fəaliyyətimizi tam bərpa edəcəyik. Təşkilat qarşısında qaldırdığımız suallara cavab verilməlidir. 2 il keçdi, amma cavablar eşidilmir və eşidilməyəcəyi də ortadadır. Deyə bilərəm nə qədər ki, bu cavablar əsaslı və inandırıcı deyil, hər dəqiqə və hər saniyədə Ermənistan KTMT-dən getdikcə daha da uzaqlaşır”.
“Aviasiyada “geri dönüş olmayan nöqtə” ifadəsi var. Əgər bu nöqtəni hələ keçməmişiksə, o zaman belə vəziyyət davam edərsə, geri dönüşü olmayan bu nöqtəni keçəcəyimiz ehtimalı yüksəkdir. Heç kimin bizi bununla bağlı ittiham etmək üçün qanuni əsası olmayacaq”, - deyə Paşinyan vurğulayıb.
Paşinyanın bəyanatına münasibət bildirən Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, KTMT Ermənistan üçün heç bir təhlükə yaratmır.
O, Moskvanın Paşinyanla qəti şəkildə razılaşmadığını deyib. Peskov qeyd edib ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.
"Rusiya Ermənistanla təmasları davam etdirir və davam etdirəcək. Ermənistan yaxın tərəfdaşdır", - deyə Peskov əlavə edib.
ZÜMRÜD