Sejurne “parlaq riyakarlığa” yol verdi – “Fransa və Ermənistan sülh istəyir”...
Əli Orucov: “Paris COP29-la bağlı Azərbaycanı şantaj edə bilməyəcək”
Fransa Azərbaycandan noyabrda Bakıda keçiriləcək COP29-a qədər Ermənistanla sülh danışıqlarında irəliləyiş gözləyir. Bunu İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Stefan Sejurne deyib.
“Fransa hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşaraq, ədalətli və sabit sülhü bərqərar edəcək müqavilənin tezliklə imzalanmasını dəstəkləyir. 1991-ci ildə Almatıda imzalanmış sənədin bütün mənası budur. Eyni ideya Praqada da ictimaiyyətə təqdim olundu”, - Sejurne bildirib.
Sejurnenin iddiasına görə, Ermənistan da, Fransa da sülh istəyir: “Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcəyindən, tədbirdən əvvəl sülhə nail olmaq istədiyini göstərməlidir”.
Əslində bununla Sejurne dolayı və sətiraltı Azərbaycanı həm hədələyir, həm də təzyiq göstərir. Yəni mövcud şərtlər daxilində Azərbaycan COP29-a qədər sülh sazişini imzalamalıdır. Bununla demək istəyir ki, guya Fransa ilə Ermənistan sülh istəyir, Azərbaycan isə bunda maraqlı deyil.
“Ermənistan nə zaman qoyulan şərtlərə əməl etsə, sülh sazişi o zaman imzalanacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, bu, Fransanın növbəti riyakarlığıdır: “Əvvəla, Fransa noyabrda Bakıda keçiriləcək COP29 tədbirini poza bilməz. Bu tədbirlə bağlı beynəlxalq səviyyədə qərar var. Bəli, bu bir reallıqdır ki, Fransa tədbirə kölgə salmaq üçün müxtəlif cəhdlər, çağırışlar edir. Elə bu günlərdə Fransa səfirliyi Azərbaycana səfər etməməklə bağlı çağırış edib. Ancaq bunlar nəyisə dəyişə bilməyəcək. O cümlədən, Paris COP29-la bağlı Azərbaycanı şantaj edə bilməyəcək. Ermənistan haçan qoyulan şərtlərə əməl etsə, sülh sazişi o zaman imzalanacaq. Bu da Ermənistan Konstitusiyasından Azərbaycana yönəlik ərazi iddialarının çıxarılmasından keçir. Ermənistanla Fransanın guya sülh sazişinin imzalanmasında maraqlı olması ilə bağlı deyilənlər uydurmadır. Fransa sülhdə maraqlı olsaydı, ən azından indiki dövrdə Ermənistanı silahlandırmazdı. Sülh sazişinin imzalanmamasını nəzərə alaraq bu məsələyə son dərəcə həssas yanaşardı. Necə ki, bir zamanlar Qarabağ məsələsinə görə Avropa dövlətləri Azərbaycanla Ermənistana silah satmırdılar. Söhbət Avropa İttifaqına üzv olan dövlətlərdən gedir. Fransa bu kimi məqamları gözləmək əvəzinə, Ermənistana dağıdıcı hücum silahları satır. Budurmu onların sülhə verdiyi “töhfə”? Ona görə də bu barədə Fransa xarici işlər naziri Stefan Sejurnenin səsləndirdiyi fikirləri ağ yalan hesab edirəm. Azərbaycan Fransanın hansı çirkin siyasi məqsədlər güddüyünü yaxşı bilir”.
Vidadi ORDAHALLI