Köhnə dollar əskinasları sosial şəbəkələrdə təlatüm yaradıb... Əlinizdəkilər batacaqmı?..
Hazırda Azərbaycanda pul dövriyyəsində həm köhnə, həm də yeni dollar əskinaslarından istifadə edilir. Bir müddətdir, vətəndaşların köhnəlmiş dollarları manata dəyişməkdə çətinlik çəkmələri müzakirə olunur.
Sosial şəbəkələrdə bu problemlə üzləşən vətəndaşlar bildirir ki, banklar köhnə dollarları, xüsusən, 2006-cı ildən öncə tədavülə buraxılan ABŞ dollarını dəyişməkdən imtina edirlər. Bildirilir ki, üzərində möhür olan dollar əskinası da dəyişilmir. Artıq bu mövzu ilə bağlı belə bir fikir formalaşıb ki, banklar köhnəlmiş dollarları qəbul etmir və etməyəcək.
Əkrəm Həsənov: “Banklar dollar və ya hansısa xarici valyuta alıb-almama məsələsində sərbəstdir”
Mövzu ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, banklar dollar və ya hansısa xarici valyuta alıb-almama məsələsində sərbəstdir: “Banklar istənilən valyuta ilə əməliyyat apara bilər. Bu onların daxili işidir. Bank ümumiyyətlə dollar mübadiləsindən imtina da edə bilər. Çünki banklar hansısa valyutanı ona görə alır ki, daha sonra onu eyni formada sata bilsin. Yəni bizim banklar təkcə o valyutanı alır ki, o valyutanın alıcısı da olsun. Köhnə dolları alıb-almamaq hər bir bankın öz işidir”.
Xalid Kərimli: “Valyuta mübadiləsi bankların öz işidir, banklar bu xidməti göstərməyə borclu deyil”
Iqtisadçı ekspert Xalid Kərimli də hesab edir ki, valyuta mübadiləsi bankların öz işidir: “Banklar bu xidməti göstərməyə borclu deyil. Azərbaycanda dollar populyar valyuta olduğuna görə insanlara qəribə gəlir ki, onu manata dəyişmirlər. Lakin lirə və rublu da müəyyən banklar dəyişməkdən imtina edir. 2006-cı il və ondan əvvəlki dolları bank götürməyə bilər. Çünki dollar bizim milli valyutamız deyil. Ancaq banklar manatı dəyişməkdən imtina edə bilməzlər. Hər hansı kommersiya bankı da zədələnmiş manatı götürməyə bilər. Amma Mərkəzi Bank belə pulları dəyişməyə məcburdur”.
Günel CƏLİLOVA