Rusiya və KTMT İrəvan-Vaşinqton sazişinə niyə belə qorxaq reaksiya verdi...
Ramil Hüseynov: “Rusiya Ermənistan üzərindən sanksiya altında olan məhsulları idxal etdiyi üçün bu cür davranır”
“Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın xarakterini və perspektivlərini qiymətləndirmək üçün müvafiq sənədlərlə tanış olmaq lazımdır”. Bu barədə erməni mediasına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov bildirib.
Daha sonra Baş katib bunları qeyd edib: “İrəvan və Vaşinqton arasındakı tərəfdaşlıq digər ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalıdır. Ümumiyyətlə, Vaşinqtonla belə tərəfdaşlığın qurulması ikitərəfli münasibətlərin inkişafı çərçivəsində Ermənistan Respublikasının suveren hüququdur. Lakin burada hər iki tərəf bərabər və bölünməz təhlükəsizlik prinsipindən çıxış etməlidir. Yəni bu tərəfdaşlıq digər dövlətlər və beynəlxalq birliklərin təhlükəsizliyinə təhdid yaratmamalıdır”.
Öz növbəsində, Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, vacib olan sənədin özü və onun necə adlandırılması yox, ondan irəli gələnlərdir: “Biz Qərb ölkələri ilə bir çox müqavilələrdə də “strateji tərəfdaşlıq” terminologiyasından istifadə etmişik, lakin bu razılaşmalar heç vaxt bizdən hər hansısa üçüncü ölkəyə qarşı hərəkət etməyi tələb etməyib”.
Ümumiyyətlə, KTMT-nin, Rusiya rəhbərliyinin özünün, Lavrovun Ermənistan-ABŞ razılaşmasına reaksiyası yetərli sayıla bilərmi? Maraqlıdır, Rusiya niyə belə zəif reaksiya verir? Bəlkə Trampın səlahiyyətlərini icra etməyə başladıqlarını gözlədikləri üçün Rusiya ilə KTMT belə zəif reaksiya verir?
“Görünür, Moskvada əminlik var ki, tərəflərin bu yöndə əməkdaşlığının perspektivi yoxdur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Rusiyanın bu qədər zəif reaksiyasının arxasında bir sıra məsələlər dayana bilər: “Əvvəla, həqiqətən də Rusiyanın, KTMT Baş katibinin buna bu qədər zəif, dişsiz münasibət bildirmələri təəccüb doğurur. Ola bilər ki, Rusiya Ermənistan üzərindən sanksiya altında olan məhsulları idxal etdiyi üçün bu cür davranır. Çünki ötən il Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 16 milyard dollar olub. Bunun böyük hissəsi reeksportdur. Yəni təkrar ixrac. Rusiya almaz, qızıl və digər zinət əşyalarını Ermənistan üzərindən ərəb ölkələrinə ixrac edir. Digər bir tərəfdən, görünür Moskvada əminlik var ki, Ermənistanın ABŞ-la bu yöndə əməkdaşlığının perspektivi yoxdur. Çünki Gürcüstanda İvanişvilinin qələbəsi Rusiyanın bu yöndə əminliyini artırır. Yaxşı bilirlər ki, Ermənistanın dənizə çıxışı olmadığı üçün logistik baxımdan imkanları məhduddur. Başqa bir səbəb o ola bilər ki, Ukraynada gedən müharibə səbəbindən Rusiya Ermənistanla açıq konfrontasiyaya getməkdə maraqlı deyil. Ən azından ona görə ki, Rusiyanın Ermənistanla quru sərhədi yoxdur. Üstəlik, Ermənistanın Rusiyadan iqtisadi asılılığı da böyükdür. Hesab edirəm ki, bu səbəblərdən Rusiya sözügedən proseslərə kəskin reaksiya vermir”.
Vidadi ORDAHALLI