TDT-yə üzv ölkələrin gömrük xidməti rəhbərlərinin 10-cu iclasının protokolu imzalandı
16 yanvar 2025-ci il tarixində Bakıda Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclası keçirilir. Trend xəbər verir ki, iclas Azərbayca Respublikasının Dövlət Gömrük Xidmətinin sədri Şahin Bağırovun sədrliyi ilə keçirilib və tədbirdə aşağıda qeyd olunan rəsmi şəxslər iştirak edib:
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kayrat Cumaqaliyev, Qırğızıstanın Maliyyə Nazirliyi nəzdində Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov, Türkiyənin Gömrük Administrasiyasının rəhbəri və ticarət nazirinin müavini Sezai Uçarmak, Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi nəzdində Dövlət Gömrük Xidmətinin sədri Akmalhoca Mavlonov.
Tərəflər Səmərqənd, Astana və Bişkekdə keçirilmiş TDT zirvə toplantılarında dövlət başçılarının verdiyi göstərişlərə istinad edərək və “Türk Dünyası 2040 vizyonu” və “TDT-nın 2022-2026-cı illər üzrə Strategiyası” çərçivəsində gələcəkdə də qarşılıqlı-faydalı gömrük əməkdaşlığının genişləndirilməsinə dəstək ifadə edərək, Naxçıvan sazişində təsbit olunmuş Türkdilli Dövlətlər Təşkilatının məqsədlərini təsdiq ediblər və aşağıdakılar üzrə razılığa gəliblər:
1. Tərəflər TDT hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin Təsis Edilməsi haqqında Sazişin icrasını davam etdirmək niyyətlərini ifadə ediblər və həmin sazişin 7-ci maddəsində nəzərdə tutulmuş pilot layihənin həyata keçirilməsi üçün zəruri olan tədbirləri müzakirə ediblər. Məqsəd - layihə çərçivəsində nəzərdə tutulmuş informasiya mübadiləsi texnologiyalarının hazırlanmasıdır.
2. Azərbaycan tərəfinin “Trans-Xəzər Gömrük Tranzit Portalı” və Gürcüstan tərəfinin “TDT ölkələri + Gürcüstan” arasında tranzitin sadələşdirilməsi” təşəbbüsünü təqdim etməsindən sonra, tərəflər “Trans-Xəzər gömrük tranzit portalının” tətbiq edilməsi üçün hüquqi bazanın yaradılmasının vacibliyini müzakirə ediblər. Bu tranzitin, iqtisadi fəallığın və sərhəd keçidlərinin təkmilləşməsinə tövfə verməlidir. Tərəflər portalın yaradılması üzrə Saziş layihəsin hazırlanması ilə bağlı öz təkliflərini irəli sürməyi öhdələrinə götürüblər.
3. Tərəflər sərhəd məntəqələrində dayanacaq sayının və onların keçilmə vaxtının ixtisarı yolu ilə ticarət və səyahətin asanlaşdırılması istiqamətində ən yaxşı təcrübələri müzakirə ediblər. Özbəkistan tərəfinin irəli sürdüyü “Vahid pəncərə” konsepsiyasının layihəsi nəzərdən keçirilib və təklifin Katibliyə təqdim olunması qərara alınıb. Katiblik qəbul etdiyi təklifləri birləşdirib, yekun sənəd təqdim etməlidir.
4. Tərəflər Türkiyə tərəfinin “Vahid pəncərə” və “Vahid dayanacaq” konsepsiyalarının tətbiqi üzrə təcrübə mübadiləsi məqsədilə sahəvi ziyarətlər təşkil etməyə hazırlıq ifadə etməsini alqışlayıblar. Türkiyə tərəfi belə ziyarətlərin müddətləri və yeri ilə bağlı təkliflərini irəli sürəcək.
5. Tərəflər TDT ölkələrində geniş istifadə olunması üçün elektron möhürlər və yüklərin izlənilməsi kimi yeni texnologiyalarla bağlı informasiya mübadiləsi aparıblar.
6. Tərəflər görüşün gedişində bu sənədləri imzalayıblar:
Beynəlxalq Yük Daşınmaları Konvesiyasına (TIR, 1975) uyğun olaraq eTIR-ın tətbiqi üçün Tədbirlər planı (“Yol xəritəsi”)
11 noyabr 2022-ci ildə Səmərqənddə imzalanmış Sadələşdirilmiş Gömrük Dəhlizinin Təsis Edilməsi haqqında Saziş çərçivəsində TDT ölkələrinin gömrük xidmətləri arasında informasiya mübadiləsinin texniki şərtləri.
7. Tərəflər 2025-ci ildə aşağıdakıları təşkil etməklə bağlı razılığa gəliblər:
Sadələşdirilmiş Gömrük Dəhlizinin Təsis Edilməsi haqda Sazişin 7-ci maddəsində nəzərdə tutulan pilot layihənin o cümlədən, informasiya mübadiləsi texnologiyalarının yeridilməsinin gerçəkləşdirilməsi.
Pilot layihənin nəticələrinin müzakirəsi üçün 2025-ci ilin fevral ayında texniki işçi qrupun iclasının keçirilməsi.
8. Tərəflər İşçi qrupa hədəfləri dəqiqləşdirmək və “İpək yol” layihəsi kontekstində “Karvansaray” layihəsi üçün növbəti addımlar planını hazırlamağı tapşırıb.
9. Tərəflər 10-cu iclasın keçirilməsi üçün Azərbaycana təşəkkürlərini bildirdilər və Qazaxıstanın TDT gömrük xidməti rəhbərlərinin 11-ci iclasını 2025-ci ildə keçirmək təklifini qəbul etdilər. Dəqiq tarix və yer diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək.
10. Katiblik təkliflərin icrasını əlaqələndirəcək və onların nəticələrini növbəti iclasda təqdim edəcək.