Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək...
"Ermənistanda Rusiya hərbi bazası var, Amerika hərbçiləri hara gələcək?!" - deyənlər səhvə yol verir. 1970-ci ildən Suriyada da Sovet-rus bazası var idi, Amerika hərbçiləri necə gəldilər bəs? Həm də sadəcə gəlmədilər, üstəlik rus bazasını oradan çıxardılar…
Strateji tərəfdaşlıq sazişindən və ya Xartiyadan sonra Ermənistana da Amerika hərbçiləri gələ bilər və üstəlik Rusiyanı oradan nə vaxtsa çıxara da bilərlər. Əsas odur ki, siyasi iradə və siyasi qərar olsun...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ermənistanın ABŞ-la son sazişinə arxayın yanaşmaq, onun sonralar doğuracağı hərbi, geosiyasi və təhlükəsizlik nəticələrinə tam qiymət verməmək yanlışdır...
Amerika hərbçiləri artıq Ermənistandadır. Sayları artırılacaq. Ötən ilin avqustunda Rusiya sərhədçiləri Paşinyanın tələbilə İrəvan aeroportundan və Ermənistan-İran sərhəd keçidindən çıxarıldı. Ermənistanın "müəllimləri" o zaman bilirdilər ki, bunu niyə edirlər?! Üç gün əvvəl Amerika ilə imzaladıqları strateji sazişə uyğun olaraq Amerikanın sərhəd və gömrük mühafizə mütəxəssislər qrupunu bir həftə sonra İrəvana gətirəcəklər. Rus hərbçiləri sərhədlərdən çıxdıqca onların yerini Amerika mütəxəssisləri tutacaq. Daha sonra strateji saziş əsasında Ermənistanda yeni atom stansiyaları tikiləcək. Strateji sazişdə Ermənistanla dinc nüvə əməkdaşlığı barədə müddəalar boş-boşuna məna daşımır. ABŞ-ın Arkanzas Milli qvardiyası ilə Ermənistanın silahlı qüvvələrinin əməkdaşlığı barədə deyilənlərə də uzun bir yol xəritəsi kimi baxmaq lazımdır. ABŞ Paşinyanın "Dünya kəsişməsi" layihəsini dövlət səviyyəsində dəstəklədi. Zəngəzur dəhlizinin bütün digər kommunikasiyalar kimi "suverenlik və milli yurisdiksiya" prinsipi əsasında açılmasını dəstəklədi ki, bu da sırf "erməni prinsipidir". Başqa şeylər də var. Bir sözlə, Ermənistanı hərbi, iqtisadi, təhlükəsizlik mənasında ayağa qaldırmaq uğrunda Qərb ölkələri arasında güclü rəqabət başlayıb. Rəqabətə ABŞ da fəal qoşulur. Ermənistanın timsalında bu bölgədə "İsrail kimi ərköyün bir müttəfiqin" yaradılmasına hazırlıq gedir. Tramp bu siyasəti daha da gücləndirəcək... Halbuki...
İranın hələ səsi çıxmır. KTMT-nin baş katibi reaksiya verir ki, Ermənistan bu kimi işlərdə suveren dövlətdir, lakin elə etməlidir ki, belə addımlar digər dövlətlərə və beynəlxalq qurumlara ziyan vurmasın. Dişsiz bir bəyanat...
Lavrovun reaksiyası ondan da dişsizdir. Lavrov deyir: "sovet dövründə SSRİ-nin Qərb ölkələri ilə imzaladığı sənədlərdə də "Strateji əməkdaşlıq" terminindən istifadə olunurdu"... Yəni Ermənistanın ABŞ-la strateji sazişini çox da böyütməyə ehtiyac yoxdur.
2021-ci ildə ABŞ-ın Ukrayna ilə imzaladığı "Strateji tərəfdaşlıq sazişinin 2-ci maddəsində belə fikir var idi - Ukraynada mümkün Rusiya təcavüzü ilə mübarizə aparmaq... Heç bir il çəkmədi və Lavrovun indi çox arxayın davrandığının əksinə olan mənzərəni gördük...
"Ehtiyatlı igidin anası ağlar qalmaz"...
Tahir TAĞIYEV