Amerika İrəvanın Zəngəzur dəhlizinə aid mövqeyini rəsmən dəstəklədi...
Əli Mustafa: “ABŞ Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiyanın nəzarət etməsini istəmir”
Məlum olduğu kimi, yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. İki ölkə arasında imzalanan strateji sənədin “Əməkdaşlıq prinsipləri” adlı 1 bölməsində deyilir:
“Birləşmiş Ştatlar Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını dəstəkləyir”.
Kommunikasiyanın “suverenlik prinsipi” əsasında açılması əslində Zəngəzur dəhlizi layihəsini hədəf almaq məqsədi güdür. Yəni bu, Ermənistanın daim Azərbaycanın əleyhinə qoyduğu Zəngəzur dəhlizi ilə bağlı əsas arqumentdir. Ermənistan deyir ki, Zəngəzurdan Naxçıvana gedən yol tam onların nəzarətində olmalıdır və bura ölkənin sərhədçiləri, gömrük orqanları nəzarət etməlidir. Azərbaycan da buna qarşıdır. ABŞ-la Ermənistan arasında imzalanan sənəddə əksini tapan “yurisdiksiya və suverenlik” Ermənistanın prinsipidir. Yəni ora başqa bir dövlət - Rusiya, Azərbaycan yox, məhz Ermənistan nəzarət etməlidir. O baxımdan bu, ciddi təhlükələrdən biridir.
“Bunun bizə toxunan tərəfi də var və Vaşinqton demək istəyir ki, biz Ermənistanda baş verənlərə laqeyd yanaşa bilmərik”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, Birləşmiş Ştatların Cənubi Qafqazda Ermənistanı müttəfiq seçməsi yeni bir məsələ deyil: “Biz artıq fərqindəyik ki, Paşinyan hakimiyyətə gələndən ABŞ Ermənistana xüsusi diqqət göstərir. Hətta Paşinyanın təhlükəsizliyinin təmin edilməsi ABŞ-ın nəzarətindədir. Ancaq bütün bunlar daha çox Rusiyaya qarşı yönələn layihələrdir. ABŞ-ın bu hərəkətlərinin birbaşa olaraq Azərbaycana qarşı yönəldiyini deyə bilmərik. Daha çox Rusiyaya ünvanlanıb. Ona görə ki, ABŞ Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiyanın nəzarət etməsini istəmir. Məsələnin kökü əsasən bununla əlaqədardır. Fikrimcə, həmin sənəddə Vaşinqton suverenlik məsələsinə buna görə xüsusi önəm verib. Digər bir səbəb onunla bağlıdır ki, Ermənistanla Azərbaycan arasında münaqişəli vəziyyət başa çatmayıb. İki ölkə arasında sülh sazişi imzalanmayıb. Fikrimcə, həm də buna görə həmin məsələ orada öz əksini tapıb. Düzdür, bunun bizə toxunan tərəfi də var. ABŞ bununla demək istəyir ki, biz Ermənistanda baş verənlərə laqeyd yanaşa bilmərik. Ancaq indiki xartiya daha çox Rusiyanın təhdidlərindən Ermənistanı qorumaq məqsədi daşıyır. Təbii ki, biz Zəngəzur ərazisinin Ermənistanın yurisdiksiyasına daxil olduğunu qəbul edirik. Ancaq Zəngəzur dəhlizinin açılması yurisdiksiyanı inkar etmir. Təbii ki, biz həmin ərazidə təhlükəsizlik məsələləri ilə bağlı narahatıq. Ona görə də bu işdə ya bizim, ya da digər üçüncü tərəfin iştirakı doğrudur. Çünki bu, suverenliyi təhdid etmir”.
Vidadi ORDAHALLI