Paşinyan konstitusiya dəyişikliyi siyasətini dəyişdi - maraqlı səbəblər var...
Arzuxan Əlizadə: “Prezident Əliyevin son müsahibəsi bu məsələdə vacib rol oynayıb”
“Paşinyan Azərbaycanın tələblərinə boyun əyərək artıq iki güzəştə gedib və bu güzəştlər siyahısının nə qədər genişlənəcəyi yaxın vaxtlarda bəlli olacaq”. Bu sözlər Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan tərəfindən səslənib.
“Birincisi, bir neçə gün əvvəl Paşinyan Minsk Qrupu formatını ləğv etmək niyyətində olduğunu, indi isə ədliyyə naziri hakimiyyətin seçkilərə qədər yeni konstitusiyanın mətnini hazırlamaq vəzifəsi qoyduğunu bəyan edib. Nazirin bu mövzu ilə bağlı uğursuz və yersiz söz oyununa getmədən, sadəcə olaraq xatırlatmaq istərdim ki, əvvəllər hakimiyyət bu prosesi 2027-ci ilə qədər başa çatdırmaqdan danışırdı, lakin indi mövcud vəziyyəti nəzərə alaraq müəyyən bir müddət (2026) təyin etmək məcburiyyətindədir. Bununla belə, onların Bakını qane edib-etmədiyi hələ də qaranlıq qalır”, - deyə Abramyan bildirib.
O da məlumdur əvvəl Paşinyan Ermənistan Konstitusiyasının 2027-ci ildə dəyişdiriləcəyini deyirdi. İndi bunu qabağa çəkirlər və seçkidən qabaq olacağına işarə edirlər. Ermənistanda da parlament seçkiləri 2026-cı ildə keçiriləcək.
Maraqlıdır, Ermənistan hansı səbəblərdən konstitusiya dəyişikliklərini qabağa çəkir? Bunda hansı təsirlərin rolu var?
“Ermənistan hakimiyyəti heç vaxt xoşluqla hansısa addım atmır”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bu məsələdə Ermənistanın mövqeyini yumşaltmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi dünyadakı geosiyasi dəyişikliklərlə bağlıdır. Çünki dünyada bu yöndə çox sürətli proseslər gedir. Xüsusən də Trampın prezident seçkilərində qalib gəlməsi Ermənistan hakimiyyətini çox məyus edib. Tez-tələsik Bayden administrasiyası ilə imzalanan strateji xartiya da bundan irəli gəlir. Ancaq bu məsələdə başlıca faktor Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı qətiyyətli tələbidir. Çünki bizim tələbimiz ondan ibarətdir ki, birmənalı olaraq ölkəmizə qarşı ərazi iddiaları Konstitusiyadan çıxarılmalıdır. Bu günlərdə Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe bunların canına qorxu salıb. Ermənistan hakimiyyəti qorxur ki, Azərbaycan Zəngəzur dəhlizinin keçdiyi ərazini nəzarətə götürəcək. O üzdən, Konstitusiya dəyişikliklərini seçkilərdən qabağa salmaq istəyirlər. Ermənistan hakimiyyəti heç vaxt xoşluqla hansısa addım atmır. Onlar ancaq güc, təzyiq gördükdə güzəştə gedirlər. Bu baxımdan hesab edirəm ki, Prezident Əliyevin son müsahibəsi bu məsələdə vacib rol oynayıb”.
Vidadi ORDAHALLI