Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...
Hüseyn İbrahimov: “Ən azından, tarix Baydeni buna görə bağışlamayacaq”
ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentində çıxışı zamanı bəyan edib ki, İsraillə HƏMAS atəşkəs sazişini imzalamağın astanasındadır:
“Biz mənim bir neçə ay əvvəl irəli sürdüyüm təklifin nəhayət ki, gerçəkləşməsinin astanasındayıq. İllər boyu dövlət qulluğunda çalışmaq mənə heç zaman təslim olmamağı öyrətdi. Bu saziş girovları azad edəcək, döyüşləri dayandıracaq, İsrailin təhlükəsizliyini təmin edəcək və HƏMAS-ın başlatdığı bu dəhşətli müharibədən əziyyət çəkən Fələstin xalqına humanitar yardımı əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”.
Göründüyü kimi, qoca Bayden hakimiyyətdən getmə ərəfəsində də İsrailin müdafiəsindən tutmuş bütün məsələlərdən danışır, amma Fələstin dövlətinin yaradılmasından danışmır. Halbuki, o münaqişəyə son qoymağın yeganə açarı Fələstin dövlətinin yaradılmasıdır. Ancaq Bayden bunu etiraf etmək istəmir. Fələstini tanımaq istəmir.
“Problemin köklü həlli Fələstin dövlətinin yaradılmasından keçir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, Fələstində son bir ildə yaşanan fəlakətin baiskarı həm də Baydendir: “Əvvəla, İsrail-Fələsin münaqişəsi yaranandan ABŞ hər zaman ədalətsiz mövqe sərgiləyib. Hər zaman BMT Təhlükəsizlik Şurası müstəvisində məsələ qaldırılanda Birləşmiş Ştatlar qətnaməyə veto qoyub. Halbuki, 29 noyabr 1947-ci ildə BMT Baş Məclisi Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında qətnamə qəbul edib. BMT-nin Fələstinin bölünməsinə dair planı Fələstində Britaniya mandatının 1948-ci il avqustun 1-i üçün qüvvədən düşməsini nəzərdə tutur və onun ərazisində iki dövlətin yaranmasını tövsiyə edirdi. 1948-ci ilin 14 mayında İsrail dövləti elan edilsə də, Fələstin dövlətinin yaradılmasına imkan verilmədi. Nəticədə münaqişə bugünə qədər uzandı və yüz minlərlə insan bunun qurbanı oldu. Ən nəhayət 7 oktyabr 2023-cü ildə məlum terrordan sonra İsrailin Qəzzada apardığı genişmiqyaslı dağıdıcı əməliyyatlar on minlərlə dinc Fələstin sakininin ölümünə səbəb oldu. İndiyə qədər ölənlərin sayı 50 mini keçib. Evlər dağılıb, orada ciddi humanitar böhran yaşanır. Ancaq bütün bunlara baxmayaraq, Bayden bir dəfə olsun münaqişənin həllinin Fələstin dövlətinin yaradılmasından keçdiyini bəyan etməyib. Sonuncu vida çıxışında da buna toxunmadı. Halbuki, problemin köklü həlli Fələstin dövlətinin yaradılmasından keçir. Ona görə də baş verən o dəhşətli hadisələrin məsuliyyəti həm də Baydenin aktivinə yazılacaq. Ən azından, tarix onu buna görə bağışlamayacaq”.
Vidadi ORDAHALLI