Məktəbdə şagirdlərə mobil telefon qadağan edildi...
Rizvan Fikrətoğlu: “Şagirdlərin məktəbə ağıllı saat və digər elektron cihazlar gətirməsinə yol verilmir”
Müasir dövrdə texnologiya təhsilin ayrılmaz bir hissəsinə çevrilib. Məktəb dərsliklərində QR kodların istifadəsi, elektron tədris resurslarının geniş tətbiqi və rəqəmsal platformaların inkişafı texnologiyanın təhsil sisteminə inteqrasiyasını sürətləndirib.
Ölkənin ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında mobil telefondan istifadə edənlərin sayı artmaqdadır. İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların çoxunun əlində telefon var. Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünürlər. Ancaq zamanla orta məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək sosial şəbəkələrdə paylaşıldığına şahid olmuşuq. Ümumiyyətlə, mobil telefon dərs prosesinə mane olur. Bu səbəbdən də məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağan edilib. Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı, xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadə qadağan olunub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilir ki, şagird davranış qaydalarının əhatə etdiyi müəssisələrin əhatə dairəsi genişləndiriləcək, daha çox məktəbdə bu qaydalar tətbiq ediləcək: “Xüsusi hallar istisna olmaqla, ümumi təhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar və digər bu tip elektron cihazların istifadəsi isə tövsiyə olunmur. Bu və bu kimi digər istiqamətlərdə mütəmadi olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən digər aidiyyəti qurumlarla da birlikdə məktəblərdə monitorinq və yoxlamalar aparılır, müvafiq profilaktik və maarifləndirmə tədbirləri həyata keçirilir. Məktəb daxilində və məktəbdənkənar ərazilərdə davranış qaydalarına əməl edilməsinin vacibliyi diqqətə çatdırılır, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi aparılır".
Məktəblərdə mobil telefon, ağıllı cihazdan istifadənin qadağan olunması ictimaiyyət tərəfindən müsbət qarşılanır.
“Şagirdlər əksər hallarda mobil telefondan xoş məqsədlə istifadə etmirdi, daha çox dərsin tədrisinə mane olurdular”
Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, telefon və digər ağıllı cihazlardan istifadə ilk olaraq pilot layihə kimi müəyyən sayda məktəblərdə qadağan olunub. Sonra bu hal daha da genişləndi: “Məlumdur ki, şagirdlər əksər hallarda mobil telefondan xoş məqsədlə istifadə etmirdi. Daha çox dərsin tədrisinə mane olurdu. Son zamanlar məktəblilər dərs zamanı canlı yayım açıb, dərs prosesini pozurdular. Bütün bunlar nəzərə alınaraq qərara gəlindi ki, pilot layihə daha da artırılsın, daha çox məktəbə şamil olunsun”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, xüsusi hallar istisna olmaqla, şagirdlər dərs zamanı mobil telefondan istifadə edə bilməz: “Xüsusi hallar deyəndə, şagird tənəffüs vaxtı valideyni ilə əlaqə saxlaya bilər. Onu da deyim ki, ümumtəhsil məktəblərində şagird davranış qaydalarının 5.4 bəndində qeyd edilir ki, şagirdlərin məktəbə ağıllı saat və digər elektron cihazlar gətirməsinə yol verilmir. Elə ola bilər ki, dərsin tələbi şagirddən elektron cihazın gətirilməsini tələb edə bilər. Ancaq bu sırf dərs üçün lazım ola bilər. Dərs zamanı məktəblilərin TikTok-da canlı yayım açması, hansısa xoş hərəkətlərin edilməsi yolverilməzdir. Bu kimi hallar dərsin keyfiyyətinin aşağı salınmasına təsir edir. Proseslərdə iştirak edən şagirdlərlə profilaktik söhbətlər aparılmalıdır”.
Günel CƏLİLOVA